ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib

Təyyarənin qəzaya uğradığı yer

ABŞ səfirliyinin müşaviri Eşli Tauers Azərbaycanın (AZAL) təyyarəsinin ötən il Qazaxıstanda qəzaya uğradığı yeri ziyarət edib.

Bu barədə bu gün, sentyabrın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyi özünün Facebook hesabında məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, ABŞ biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsində gerçəkləşib: "Aktaudan yola düşməzdən əvvəl ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL – "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət etdilər. Orada biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır".

Xatırlatma

AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar.

Rusiya prezidenti Vladimir Putinin Əliyev ilə telefon danışığında qəzaya görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmədiyi açıqlanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi hələ fevralın əvvəlində bu qəza ilə bağlı təhqiqata dair ilkin hesabatını açıqlayıb. Hesabatda qeyd edilib ki, AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.