FSB, yalanlar, FTB-yə sərxoş mesajları: Nomma Zarubinanın hekayəti

Zarubina geniş əlaqələri sayəsində jurnalistlər, elm adamları və müxalifət fəalları ilə əlaqələr qurub - ehtimal ki, FSB-nin göstərişi ilə.

Dekabrın əvvəlində ABŞ-də Nyu-York Cənub Dairəsi üzrə Manhetten aşağı instansiya məhkəməsi qarşısına 35 yaşlı, gənc qız anası bir rus qadın çıxarılıb. O, məhkəmədən onu həbsə göndərməməyi xahiş edirdi.

"Həyatım faciəyə çevrilib, hər gün çoxlu ölkələrdən təhdidlər alıram, casus olduğumu düşünürlər, amma əhvalatı tam bilmirlər. Heç kəs tam bilmir", – Nomma Zarubina az qala təmiz ingiliscə danışırdı.

Zarubina 12 ay əvvəl saxlanmış, Federal Təhqiqatlar Bürosuna (FTB) Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqələri haqda dəfələrlə yalan danışmaqda ittiham olunmuşdu. İttihama görə, o, illərlə jurnalistlər, təhlil mərkəzlərinin ekspertləri, akademiklər, ABŞ-dəki rusiyalı müxalifətçilərlə əlaqələr qurub, özü də Rusiya kəşfiyyatçılarının təlimatı əsasında.

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel yazır ki, dekabrın 2-də məhkəmədə hakimi bu əhvalatdan daha çox Zarubinanın FTB agentlərindən birinə onlarla mesaj, foto göndərməsi maraqlandırıb. Həmin agent onu daha əvvəl dindiribmiş. İstintaqçılar qadının agenti ələ saldığını deyirlər.

"Necəsən? Elə yorulmuşam. Hər şey zəhləmi töküb", – məhkəmə sənədlərində yer alan mesajların birində deyilir.

Zarubina məhkəmədə elə həmin agent daxil, FTB-yə dişinin dibindən çıxanı deyib.

"Elə FTB də ruslar kimi işləyir. Adamlara torba tikirlər. Bilirsiniz bunu. Onlar mənim işimi o qədər şişirtdilər ki, indi hamınızın fikri içməyimdədir, əslində isə tez-tez içmirəm", – qadın deyib.

Bu sözlər hakimə elə də təsir göstərməyib və qadın həbsə göndərilib.

Mariya Butina, Natalya Burlinova, Yelena Branson, Aleksandr İonov – bu rusiyalılar illərlə Moskva kəşfiyyatı ilə birbaşa təmaslar saxlayıb, mühacir dairələr, Qərb təhlil mərkəzləri, jurnalistlərlə əlaqələr qurublar.

"Zarubina çox yaxşı çıxış aktivi kimi davranıb: maraqlı adamlarla ilkin kontaktlar qurub, özünün yadda qalmasını təmin edib ki, sonradan bu kontaktlardan özü, yaxud bacarıqlı əməliyyatçılar faydalansın", – bunu araşdırmaçı-jurnalist Andrey Soldatov yazır.

Qızının xaç anası

FTB bildirir ki, Zarubina ilə ilk dəfə 2020-ci il oktyabrın 5-də əlaqə qurub, onda illərlə Nyu-Yorkda yaşayıb işləmiş başqa bir rusiyalı qadın Bransonla bağlı təhqiqat gedirmiş. FTB Bransonun Manhettendəki mənzilində axtarış aparandan üç həftə sonra o, Rusiyaya qaçır. 18 ay sonra - 2022-ci ilin martında FTB onu 10 ilə yaxın Rusiya hökumətinin qeydiyyatsız agenti kimi işləməkdə suçlayıb.

Sibirin Tomsk şəhərindən olan Zarubina 2016-cı ildə ABŞ-yə mühacirətə gedib. O, Branson üçün işləyib, Rus Mərkəzinin vebsaytını idarə edib. Bu mərkəz Rusiya mədəniyyət tədbirlərini təbliğ edib, Rusiya hakimiyyətindən maliyyə və təlimat alıb.

Branson Zarubinanın qızının xaç anası olub.

"Telegram" paylaşımındakı fotoda Zarubina (sağdan ikinci) və Bransonun (soldan sonuncu) qatıldığı 2019-cu il Nyu-York forumu əks olunub.

Zarubina Vaşinqtonda və başqa yerlərdə müzakirələrə qatılıb, sosial media hesablarında fəal paylaşımlar edib. Bir tədbirdə "Rusiyanın dekolonizasiyası" müzakirə olunubmuş.

2022-ci ilin payızında Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən təqaüd qazanıb.

O, Rusiyaya mütəmadi səfər edib. 2020-ci ilin dekabrında Tomskdan bir FSB zabiti ilə təmas yaradıb. Məhkəmə sənədlərinə görə, FSB-yə "şəbəkə marketinqi" üzrə kömək etmək üçün razılaşma imzalayıb.

FSB ona "Alissa" kod adı verib, həm də ABŞ təhlil mərkəzləri və digər qurumlarındakı fərdlərin siyahısını. Ona həmin şəxslər barədə informasiya toplamaq, onlarla kontakt qurmaq tapşırılıb.

2022-ci ildə Branson Zarubinadan xahiş edib ki, FTB-dən onun ABŞ-yə səyahət etməsinin təhlükəsiz olub-olmadığını soruşsun. Bunu Zarubina özü FTB-yə söyləyib.

FTB ilə azı beş dindirilmədə Zarubina FSB zabiti ilə təmaslarından danışıb, onunla şəxsi münasibət qurduğunu da bildirib.

FTB onun telefonunda axtarış aparmaq üçün order əldə edib. 2024-cü ildə FTB-də sonuncu dindirmə zamanı Zarubina agentlərə FSB zabitlərindən birinin kontakt məlumatlarını göstərib. Qadın manipulyasiya olunduğunu hiss edib, bu isə onların münasibətinin pozulmasına səbəb olub, - məhkəmə sənədlərində belə deyilir.

Zarubina 2024-cü il noyabrın 21-də həbs edilib.

Ona əlavə ittihamlar verilib: qadınları fahişəlik üçün Nyu-Yorkda gəzdirdiyi, ABŞ-yə immiqrasiya üçün müraciətdə yalan danışdığı bildirilir.

Butina, Burlinova, Branson, digərləri

Zarubina, əsasən, FTB-yə yalan danışmaqda, Branson isə qeydiyyatsız xarici agent olmaqda ittiham olunur.

Ədliyyə Departamenti Bransonun Nyu-Yorkdakı Rus Mərkəzini propaqanda mərkəzi kimi təsvir edib. Onların Rusiya prezidenti Vladimir Putinlə yazışdığı, rusiyalı nazirlə görüşdüyü, on minlərlə dollar adlığı bildirilir.

Daha iki oxşar işdə isə FSB-nin konkret bölməsinin ABŞ-də adamların işini koordinasiya etdiyi aşkarlanıb.

Natalya Burlinova "Kreativ Diplomatiya" adlı qeyri-hökumət qrupu yaradaraq ABŞ və Avropadan gənc jurnalistləri, dövlət siyasəti mütəxəssislərini, yeni universitet məzunlarını Rusiyaya illik tədbirlərə yığıb, onlara keçmiş rusiyalı casuslar mühazirə deyib.

Rusiyalı biznesmen Aleksandr İonov isə Anti-Qlobalizasiya Hərəkatı adlı QHT təsis edib, Kaliforniya ştatının ABŞ-dən ayrılması kimi utopik ideyanı təşviq edib.

ABŞ rəsmilərinə görə, hər iki fəaliyyətə FSB-də "İkinci Direktorluq" adlı bölmə nəzarət edib.

"Mariya Butina işi" də böyük qalmaqala səbəb olub. O, ABŞ-də silah hüquqları qruplarının fəalları, Respublikaçılar Partiyası üzvləri arasında fəal işləyib. 2018-ci ildə Vaşinqtonda saxlananda qeyri-rəsmi xarici agent kimi işlədiyini boynuna alıb. ABŞ-də həbsxanada 15 ay qalıb, sonra Rusiyaya deportasiya olunub və orada parlamentə seçilib.

Zarubina girov müqabilində azadlıqda məhkəməsini gözləyərkən FTB agentlərinə çoxsaylı mesajlar və fotoşəkillər göndərib.

"Nə çox casus var"

Zarubina 25 min dollar girov qarşılığında azadlığa buraxılıb, pasportu müsadirə olunub.

AzadlıqRadiosunun "Siberia Realties" onunla zaminə buraxılan kimi geniş müsahibə edib. Zarubina səyahətləri zamanı FSB ilə saysız təmasları olduğunu, onlarla işləməyə məcbur qaldığını deyib.

"Mənə yazırdılar, bəzən təhdid edirdilər, çünki əsasən belə işləyirlər - "Biz hər şeyi görürük, gözümüz üstündədir, hətta Nyu-Yorkda belə"", – o, müsahibəsində deyib.

2025-ci ilin yazını və yayını o, daha çox Bruklində keçirib, oradakı mənzilində qızı ilə qalıb. Sentyabrda məhkəmə ona bir həftə Texasa getməyə icazə verib. Qızı o zaman orada imiş, amma niyəsi aydın deyil.

İstintaqçılar onun iş üzrə əsas FTB agentlərindən birinə onlarla mesaj yolladığını deyirlər. Bəzi mesajlarda kovboy papağında, qırmızı şərab içən yerdə fotoları yer alıb. Bəzi mesajları gecənin qaranlığında göndərilib.

"Sənə ehtiyacım var. Məhkəməyə zəng elə. Xahiş edirəm. Oyan. NECƏ gözəlsən", – səhər 4-də bir mesajda belə yazıb.

"Nə qədər rus var. Manhettendə fahişə də çoxdur", – digər mesajda deyilir.

"Məni tut, əzizim. Nə çox casus var", – Zarubina yazıb.

Sentyabrda istintaqçılar onu FTB agentini izləməkdə ittiham edib, məhkəmədən onun girov müqabilində azadlığının ləğvini istəyib. Məhkəmənin təyin etdiyi vəkil isə qadının mesajları içkili vəziyyətdə yazdığını deyib. Vəkil Kristoff Uilyams Zarubinanın agentə təhlükə törətmədiyini bildirib.

Məhkəmə qadının alkoqoldan asılılıqla bağlı müalicə, psixi durumu üzrə intensiv yardım almasına göstəriş verib.

Dekabrın 2-də təcili iclasda isə prokurorlar deyiblər ki, Zarubina mesaj göndərməyə davam edir, "FTB şahidini qanunsuz narahat edir".

Zarubina isə məhkəməyə deyib ki, FTB tərəfindən manipulyasiya, yaxud istifadə olunduğunu hiss edir. O, FSB ilə təmaslarına dair dəlil və digər informasiyanı FTB-yə təqdim etdiyini söyləyib.

"Amma onlar bunun qiymətini bilmədilər. Bütün görüşlərdən sonra mənə bir qutu şokolad verdilər", – o, məhkəmədə deyib.

Qadın məhkəmə qarşısında bir qutu konfet yelləyib. Hakim onun sözünü kəsib və girov müqabilində azadlığa buraxılmasını ləğv edib.

İyunda Zarubinanın məhkəməsi olacaq.