Vaşinqtonda Azərbaycanda dini ədəbiyyatın senzurasından narahatlıq bildirilib

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasında görüş.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycandan gələn daha bir neçə şəxs Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüblər.

QMİ mətbuat xidmətinin məlumatına görə, oktyabrın 7-də gerçəkləşən görüşdə Komissiya sədri Viki Hartsler Azərbaycanda bəzi şiə məzhəbinin mənsublarına qarşı ayrıseçkiliklərin olması ilə bağlı məlumatlardan narahatlığını dilə gətirib.

QMİ-in vurğulamasına görə, V.Hartslerin iradlarına Azərbaycan nümayəndə heyəti "dəqiq, tutarlı dəlillərlə" cavab verib: "Bildirildi ki, söhbət din pərdəsi altında dövlətçiliyə qarşı konkret təhdid, çevriliş cəhdi və terrorun qarşısının alınmasından gedir, burada məzhəb amilinin heç bir rolu yoxdur".

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini Asif Mahmud isə Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunla bağlı iradlarını bildirib, bu qanunun beynəlxalq dini azadlıq standartları ilə uzlaşmayan məqamlarına, habelə dini ədəbiyyatın senzuraya məruz qalmasına toxunub. "Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirdi ki, gənc, müstəqil dövlət olaraq özümüzü mənəvi müstəvidə də müdafiə edirik. Dini ədəbiyyat adı altında ölkəyə ekstremist və radikal ədəbiyyat gətirməyə cəhdlər var və bunun qarşısını almaq üçün müvafiq komissiya kitabları nəzərdən keçirir", - məlumatda vurğulanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin Birləşmiş Ştatlara səfəri davam edir.

Xatırlatma

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) illik hesabatında deyilir ki, 2024-cü ildə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət pis olaraq qalıb, ötən il də ölkədə "şiə müsəlmanlar İranla əlaqələrdə ittiham olunaraq həbs ediliblər".

"Saxlanılanların bir çoxu narkotik ittihamı ilə üzləşib. Hökumətin illərdir bu vasitədən müxalifləri, xüsusən də din xadimlərini hədəf almaq üçün istifadə etdiyi bildirilir. Dindarlar hüquq-mühafizə orqanlarını işgəncə, fiziki zorakılıq və cinsi təhdidlərlə etiraflar almaqda ittiham ediblər", - sənəddə habelə yazılırdı.

Azərbaycan rəsmiləri isə bu hesabata, əsasən, tənqidi yanaşmışdılar.