ABŞ Sakit okeanda daha bir gəmini vurub

ABŞ-nin əvvəllər hədəf aldığı kiçik gəmilərdən biri

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı dekabrın 22-də Sakit okeanın şərq hissəsində bir gəmiyə zərbə endirib. Zərbənin Pentaqon rəhbəri Pit Heqsetin göstərişi ilə gerçəkləşdirildiyi açıqlanıb.

Komandanlıq X sosial şəbəkəsində bildirir ki, "kəşfiyyat məlumatları bu gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün bəlli marşrutlarla hərəkət etdiyini, narkotik ticarəti əməliyyatlarına cəlb olunduğunu təsdiqləyib".

Komandanlıq zərbə nəticəsində bir nəfərin həlak olduğunu açıqlayıb. ABŞ hərbçiləri xəsarət almayıblar.

BBC-nin rus xidmətinin yazdığına görə, 2025-ci ilin sentyabrından ABŞ Karib dənizində 20-dən çox gəmiyə zərbə endirib. Vaşinqton onların narkotik daşıdığını bildirir. Hücumlarda azı 88 nəfər həlak olub. Prezident Donald Trampın tənqidçiləri zərbələr zamanı narkotik ticarəti ilə əlaqəsi olmayan şəxslərin həlak olub-olmaması sarıdan narahatlıq ifadə ediblər. Onlar Pentaqonun səlahiyyətlərini aşıb-aşmadığını da sorğulayırlar.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına yardımda ittiham edir. D.Tramp sanksiya altında olan neft tankerlərinin Venesuelaya giriş-çıxışına tam blokada əmri verib. Dekabrda ABŞ Venesuela sahillərində "Centuries" və "The Skipper" adlı iki tankeri ələ keçirib. ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem "Centuries" tankerinin saxlanılmasından sonra deyib ki, "ABŞ regionda narkoterrorçuluğun maliyyələşdirilməsi üçün istifadə olunan sanksiyalı neftin qanunsuz daşınmasını təqib edəcək".