ABŞ prezidenti Donald Tramp noyabrın 27-də deyib ki, administrasiyası "üçüncü dünya" ölkələrindən miqrasiyaya "daimi fasilə" verəcək. Məqsəd ABŞ sisteminin tam bərpasıdır.
"Reuters" yazır ki, Tramp konkret ölkə adı çəkməyib, "üçüncü dünya ölkələri", "daimi fasilə" deyəndə nəyi nəzərdə tutduğunu da deməyib. O, plana keçmiş prezident Co Bayden administrasiyasının təsdiqlədiyi işlərin salınacağını, Bayden dövrünün milyonlarla "qanunsuz" qəbulunu ləğv edəcəyini yazıb.
Prezident həmçinin qeyri-vətəndaşlar üçün bütün federal imtiyazlar və subsidiyaların kəsiləcəyini, təhlükəsizlik riski yaradan, "Qərb sivilizasiyasına uyğun gəlməyən" istənilən əcnəbinin deportasiya olunacağını əlavə edib.
"Reuters" Ağ evdən, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən (USCIS) şərh ala bilmədiyini yazır.
Prezident həmçinin Bayden administrasiyası dövründə 19 ölkədən vətəndaşlara verilmiş "green card"ların və sığınacaq müraciətlərinə yenidən baxılması göstərişi verib.
USCIS 19 ölkə ilə bağlı "Reuters"in sorğusuna cavabında Trampın iyunda səyahət qadağası qoyduğu ölkələri göstərib. Həmin siyahıda Əfqanıstan, Burundi, Laos, Toqo, Venesuela, Syerra-Leone və Türkmənistanın adları var.
Bütün bunlar Ağ ev yaxınlığında Milli Qvardiyanın iki əməkdaşının güllələnməsindən sonraya təsadüf edir. Onlardan biri aldığı yaralardan ölüb. Şübhəli kimi saxlanan əfqanıstanlıya isə bu il, Tramp administrasiyası dövründə sığınacaq verilib. "Reuters" müvafiq sənədləri gördüyünü yazır.
ABŞ hökuməti artıq Əfqanıstan vətəndaşlarının immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tramp administrasiyasının 'Green Card' yoxlamaları Azərbaycana da şamil ediləcək?