ABŞ-ni könüllü tərk edən qanunsuz miqrantlara 3 min dollar vəd olunur

ABŞ-dən deportasiya olunan venesuelalı miqrantlar.

ABŞ-nin daxili təhlükəsizlik nazirliyi ölkəni könüllü tərk etməyə hazır olan qanunsuz mühacirlərə 3 min dollaradək bonus vəd edir.

Qurum bildirir ki, ödənişi "CBP Home" mobil tətbiqi vasitəsilə almaq olar. Tətbiqi ABŞ sərhəd-gömrük xidməti işə salıb. Pul miqrant vətəninə qayıdandan sonra ödənəcək. Proqram bu il dekabrın 31-dək qüvvədədir. 3 min dollardan əlavə ölkəyə qayıtmaq üçün biletpulu da veriləcək.

Nazirlik mayda ölkədən könüllü çıxışla bağlı proqram elan edib. Qanunsuz miqrantlara min dollar və biletpulu vəd olunurdu. Qurum bildirib ki, bu halda miqrantların axtarışı, saxlanması və məcburi deportasiyası üçün tələb olunacaq vəsaitə ortalama 17.1 min dollar qənaət ediləcək.

Daxili təhlükəsizlik nazir Kristi Noem deyib ki, bu ilin yanvarından "CBP Home" proqramı vasitəsilə 1.9 milyon qanunsuz mühacir ABŞ-ni könüllü tərk edib, proqramdan on minlərlə insan yararlanıb. Nazir belə şəxsləri fürsətdən istifadə edərək ölkədən könüllü getməyə çağırıb, əks halda, onların tapılaraq həbs olunacaqlarını və heç vaxt Birləşmiş Ştatlara qayıtmayacaqlarını bildirib.