ABŞ Orbana yaxın şəxsə sanksiyaları ləğv edib

Antal Roqan

Aprelin 15-də ABŞ Macarıstan baş naziri Viktor Orban kabinetinin rəhbəri Antal Roqana yanvarda qoyulan sanksiyaları ləğv edib. Sanksiyalara səbəb Macarıstan rəsmisinin korrupsiya və kronizmdə ("tanışlıq" zəminində bir qrup insana əlverişli şərait yaradılması) ittiham olunması idi.

ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan bəyanata görə, A.Roqan sanksiyalar siyahısından çıxarılıb.

Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə açıqlamasında bildirib ki, aprelin 15-də dövlət katibi Marko Rubio Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığı apararaq bu addım barədə onu məlumatlandırıb.

Brüsün sözlərinə görə, tərəflər ABŞ-Macarıstan münasibətlərinin gücləndirilməsi və iqtisadi əməkdaşlıq imkanları barədə də müzakirə aparıblar.

Orban və onun rəhbərlik etdiyi "Fides" partiyası ABŞ prezidenti Donald Trampın Avropadakı ən güclü dəstəkçilərindən biridir.

Vaşinqton bu ilin əvvəlində A.Roqana qarşı sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentinin yanvarın 7-də verdiyi bəyanatda bildirilib ki, Roqan "öz mövqeyindən istifadə edərək həm özünü, həm də partiyasına sadiq olanları varlandırıb". Roqanın Macarıstan iqtisadiyyatının strateji sahələrinə nəzarət üçün sxemlər qurduğu, bu sektorlardan gələn gəlirlərin mənimsənildiyi bildirilib.

O dövrdə ABŞ-nin Macarıstandakı səfiri Devid Pressman "sistemli" korrupsiyanın Macarıstanın ABŞ və müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı məsələlərdə qərar qəbul etməsinə mənfi təsir göstərdiyini vurğulayıb.

Pressman yanvarın 20-də Trampın andiçmə mərasimindən əvvəl vəzifəsindən istefa verib.

Orban hökuməti A.Roqana sanksiyaları "səfirin şəxsi intiqamı" olaraq qiymətləndirmişdi. Sanksiyaların ləğv edilməsi barədəki açıqlamanı Orban hökuməti "Vaşinqtonda küləklərin dəyişməsinin aydın əlaməti" kimi dəyərləndirib.

ABŞ Dövlət Departamenti yanvarda bildirib ki, Macarıstanda dövlət sektoru üzrə korrupsiya son 10 ildə getdikcə pisləşib.