ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald Azərbaycan səfərində rəsmi şəxslərlə də görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bəhs edilir.
Həmin məlumata görə, K.Makdonald bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq sahəsində çalışan ekspertlər, müstəqil media, siyasi partiyaların nümayəndələri və Baş Prokurorluğun rəsmiləri ilə görüşüb: "Keçirdiyi görüşlərdə o, Azərbaycan cəmiyyətində mövcud olan çağırışlar, imkanlar barədə daha ətraflı məlumat əldə edərək qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmətin gücləndirilməsinə dəstək verdiyini vurğulayıb".
ABŞ rəsmisi vəkillərlə də görüşüb
İyunun 14-də ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald bir neçə vəkillə də görüşüb. Həmin şəxslər bir sıra jurnalistlərin, fəalların və müxalifətçilərin də müdafiəsində iştirak etmiş vəkillər olub.
Bu barədə vəkillərdən Elçin Sadıqov məlumat yayıb. O qeyd edib ki, görüşdə ölkədə insan hüquqlarının vəziyyətini müzakirə ediblər.
ABŞ rəsmisi Aytən Məmmədova ilə görüşüb
İyunun 14-də Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Kara Makdonald görüşlərinə davam edib. Onunla "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Ayna-Zerkalo" nəşrinin redaktoru Elçin Şıxlinski və bıçaqla hədələnən jurnalist Aytən Məmmədova da görüşüb. M.Əliyevin AzadlıqRadiosuna deməsinə görə, görüşdə Azərbaycanda jurnalistika və söz azadlığının vəziyyəti müzakirə olunub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Aytən Məmmədova ona hücumlu bağlı istintaqdan narahatdır
+++
İyunun 14-də Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun da K.Makdonaldla görüşü gerçəkləşib. T.Yaqublu bildirib ki, görüşdə ölkədə demokratiya və insan haqlarının durumu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb: "Düşünürəm ki, çox əhəmiyyətli və vacib tədbir oldu".
+++
ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Kara Makdonald Azərbaycanda görüşlərinə davam edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi də məlumat yayıb.
Həmin məlumata görə, o, səfir Litzenberqer və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən fəallar, hüquqşünaslar, jurnalistlər, həmçinin siyasi partiya nümayəndələri ilə görüşüb:
“Xanım Makdonald ABŞ-ın bu gün ifadə, toplaşma, birləşmək azadlıqları da daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətin gücləndirilməsi, habelə demokratik proseslərin inkişafı üçün görülən səylərin dəstəklənməsində azərbaycanlıların yanında olmasını qeyd edib”.
***
Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Kara Makdonald görüşlərə başlayıb.
İyunun 13-də o, ictimai fəal Bəxtiyar Hacıyevlə də görüşüb.
Fəal görüşdən sonra vurğulayıb ki, “kifayət qədər açıq, səmimi və ətraflı danışdıq".
O, qeyd edib ki, görüşdə ölkədə ayrı-ayrı fərdlərə və qruplara qarşı baş vermiş insan hüquqları problemləri ilə bağlı məlumat verib:
"Həm gələcəkdə baş verə biləcək risklərlə, həm də ABŞ Administrasiyasının keçmişdə etdiyi səhvlər və indi atdığı doğru addımlarla bağlı səmimi fikir mübadiləmiz oldu. Xanım Makdonald ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı".
+++
ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Kara Makdonald Azərbaycana gəlib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirliyin məlumatında qeyd edilir ki, o, 13-15 iyun tarixində Azərbaycanda olacaq: "Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya, insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək".