Bu həftə ABŞ-dən 120 iranlı deportasiya olunur

Miqrantların qarşısını almaq üçün ABŞ-Meksika sərhədində polad divar

İran bu həftə ABŞ-dən 120-dək iranlının deportasiya olunduğunu bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) parlament və konsulluq işləri üzrə baş direktoru Hüseyn Nuşabadi "Tasnim" xəbər agentliyinə danışıb. O deyib ki, ABŞ immiqrasiya orqanları ümumilikdə 400-dək iranlını deportasiya etməyi planlaşdırır. Onların çoxu, əsasən, Meksika vasitəsilə ABŞ-yə qanunsuz daxil olmuş şəxslərdir.

Nuşabadi vurğulayıb ki, deportasiya edilənlərin bəzilərinin ABŞ-də qanuni yaşayış icazəsi olub. Amma onlar da deportasiya siyahısına salınıblar, repatriasiya üçün razılıqları alınıb.

"The New York Times" qəzeti sentyabrın 29-da yazmışdı ki, ABŞ-nin Luiziana ştatından təxminən 100 iranlını daşıyan bir təyyarə havaya qalxıb və Qətərdən keçərək ertəsi gün İrana çatacağı gözlənilir. Məqalədə adları açıqlanmayan İran rəsmilərinə istinad olunurdu.

Nuşabadi iranlıların ölkəni qanuni şəkildə tərk etdiyini, onların İrana qayıdışını "məmnuniyyətlə" qarşıladıqlarını, tam konsulluq dəstəyi göstəriləcəyini bildirib.

İnsan haqları müdafiəçiləri isə ABŞ-nin belə deportasiya siyasətini tənqid edirlər. Çünki bu halda miqrantlar insan haqları pozuntularının geniş yayıldığı ölkələrə qaytarılır.

İranda insan haqlarının durumu ağırdır. Siyasi dissidentlər, hüquq müdafiəçiləri, dini azlıqlar və LGBTQ şəxslər geniş təqib olunurlar. Tənqidçilərin fikrincə, ABŞ administrasiyası həssas miqrantları belə riskli şəraitə qaytarmaqla onların həyatını təhlükəyə atır.

Son illər çoxsaylı iranlı digər miqrantlarla birlikdə ABŞ-nin cənub sərhədindən ölkəyə qeyri-qanuni yolla keçib və sığınacaq üçün müraciət edib. Onların çoxu islam respublikasında siyasi və ya dini baxışlarına görə təqib olunduqlarını əsas gətiriblər.

Amma deportasiya anına qədər əksər sığınacaq müraciətləri ya rədd edilib, ya da heç araşdırılmayıb.