Birləşmiş Ştatların Yaxın Şərqə cəmlədiyi qüvvələr İrana bu həftəsonu havadan zərbələr endirməyə imkan verir. Bunu ABŞ mediası fevralın 18-də Ağ ev və Pentaqonda rəsmilərə istinadla yazıb.
Bildirilir ki, Pentaqon Ağ evə Amerika hərbçilərinin həftəsonu hərbi əməliyyatlara hazır olacağı haqda məlumat verib. Əlbəttə ki, bu barədə ABŞ prezidentinin əmri olarsa.
CNN yazır ki, prezidentin Trampın bu həftəsonunadək qərar verib-verməyəcəyi bəlli deyil. "O bu haqda çox düşünür", – bir mənbə CNN-ə belə deyib.
Digər yandan, ABŞ İranla birbaşa danışıqlar aparır, Tehrandan uranı zənginləşdirməyi dayandırmağı tələb edir.
İki həftə
Ağ ev təmsilçisi Kerolayn Livitt fevralın 18-də deyib ki, administrasiya yaxın iki həftə ərzində İrandan mövqeyi ilə bağlı aydın izahat gözləyir. O, prezidentin İranın təkliflərini gözlədiyi müddətdə mümkün hərbi tədbiri ertələməsinin mümkünlüyü haqda sualı cavablandırmayıb.
D.Tramp dəfələrlə Tehranı ABŞ-nin tələblərinə razılaşmayacağı halda, "sərt nəticələr" ilə hədələyib.
Amerika mediası yazır ki, dünyanın ən böyük təyyarədaşıyanı "Cerald Ford" başda olmaqla aviadaşıyıcı qrup Aralıq dənizinə yaxınlaşır. "Avraam Linkoln" təyyarədaşıyanı da həmin regionda yerləşir. Böyük Britaniyadakı ABŞ hərbi təyyarələri, yanacaq dolduran təyyarələr İrana yaxın ərazilərə köçürülüb. Son bir ayda regiona əlavə raketdən müdafiə sistemləri yerləşdirilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İran dünya üçün kritik boğazda təlimlərə başladı
Amerikalı ekspertlərə görə, İranın qısa və ortamənzilli raketləri, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli obyektlər mümkün zərbə hədəfləri ola bilər.
"The New York Times" yazır ki, milli təhlükəsizlik üzrə müşavirlər prezidentə xəbərdarlıq ediblər: əməliyyatın məqsədi İranda rejimi dəyişməkdirsə, onun uğurlu olacağına zəmanət yoxdur.
Qəzetin İsraildəki mənbələri bildirir ki, İsrail ordusu İrana mümkün hava zərbələrinə hazırlaşır. Bu zərbələrin məqsədi Tehranı danışıqlarda, nüvə proqramı üzrə güzəştlərə məcbur etmək ola bilər.
Bu həftə Cenevrə danışıqlarından sonra İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, əsas prinsiplər üzrə razılığa gəlinib. ABŞ rəsmiləri tərəflərin proqres əldə etdiyini, amma böyük fikir ayrılıqlarının qaldığını bildirib.