İran rəsmiləri və vasitəçilər ABŞ-nin yeni təkliflərini müzakirə edir

İranın xarici işlər naziri Abbas Araqçi Tehran hava limanında Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Muniri qarşılayır.

İran rəsmiləri aprelin 16-da Pakistan vasitəçiləri ilə görüşəcək, ABŞ-nin yeni təkliflərini müzakirə edəcəklər. Danışıqların mümkün ikinci raundu ilə bağlı qərar verilə bilər. ABŞ prezidenti Donald Tramp isə bir gün öncə deyib ki, müharibə "çox tezliklə" başa çata bilər.

Aprelin 15-də Pakistan Ordusunun baş komandanı Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti İran rəsmiləri ilə görüşüb. "Tasnim" dövlət xəbər agentliyi bildirib ki, bu görüşdən sonra İran tərəfi gərəkən qiymətləndirməni aparacaq, daha sonra İranla ABŞ arasında növbəti danışıqlar raundu barədə qərar veriləcək.

Pakistanın nüfuzlu ordu rəhbərini Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi qarşılayıb. İranda yüksəksəviyyəli mənbə "Reuters"ə deyib ki, Munir danışıqların ilk raunduna vasitəçilik edib, İrana "mövqelər arasındakı fərqləri azaltmaq" üçün gəlib.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi aprelin 15-də Tehranda həftəlik brifinqdə bildirib ki, danışıqlar bitəndən sonra İranla ABŞ arasında Pakistan vasitəsilə mesaj mübadiləsi gedir.

"Çox tez bitə bilər"

Tramp isə yekun sülh razılaşmasının əldə olunacağına nikbinliyini bildirib. Ancaq indiyədək ABŞ prezidenti dəfələrlə razılaşmanın yaxın olduğunu deyib, sonradan İranın qalan hərbi obyektlərini, rəhbərliyini, enerji və elektrik infrastrukturunu məhv etməklə hədələyib.

"Fikrimcə, çox tez bitə bilər. Ağıllı olsalar, tezliklə başa çatacaq", – Tramp "Fox Business News"da aprelin 15-də yayımlanan müsahibəsində deyib.

"Məncə, başa çatmağa çox yaxındır… bunu çox yaxın hesab edirəm", – o vurğulayıb.

Prezident daha öncə "The New York Post"a tərəflərin bir neçə günə yenidən görüşə biləcəyini demişdi.

Donald Tramp

Vitse-prezident Cey Di Vens İslamabad danışıqlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edib. O, sonradan danışıqlarda "xeyli irəliləyiş" olduğunu bildirib.

Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə deyib ki, danışıqların yeni raundu "böyük ehtimalla" Pakistan paytaxtında keçiriləcək.

ABŞ və İranın aprelin 7-də razılaşdırdığı ikihəftəlik atəşkəs aprelin 22-də başa çatır, Tramp onu uzatmaq planı olmadığını deyib.

Hazırda tərəflər atasında əsas mübahisə məqamı İranın nüvə zənginləşdirmə qabiliyyətidir. Qərb Tehranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edir. İran nüvə proqramının dinc məqsədli olduğunu deyir.

İranın Hörmüz boğazını bağlaması isə gərginliyi daha da artırıb. İslamabad danışıqları uğursuz bitincə, Tramp İrana gedən və gələn gəmilərə blokada elan edib.

Ali lider Müctəba Xameneinin hərbi müşaviri aprelin 15-də xəbərdarlıq edib ki, ABŞ bu strateji keçidi nəzarətə almağa çalışsa, Tehran boğazda ABŞ gəmilərini batıracaq.

"Cənab Tramp Hörmüz boğazının polisi olmaq istəyir. Bu, gerçəkdənmi sizin işinizdir? Bu, ABŞ kimi güclü ordunun işidirmi?", – İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı Möhsün Rezai deyib.

Xamenei müharibə başlayandan ictimaiyyət qarşısına çıxmayıb, onun səhhəti ilə bağlı müxtəlif ehtimallar səslənir.

ABŞ maliyyə təzyiqini artırır

Hərbi addımlar təhdidi ilə yanaşı, Vaşinqton Tehrana maliyyə təzyiqini də artırır.

ABŞ Maliyyə Nazirliyi İranın neft nəqli infrastrukturunu hədəf götürüb, 20-dən çox şəxsə, şirkətə və gəmiyə əlavə sanksiyalar açıqlayıb.

Xəzinədarlığın məlumatına görə, sanksiyalar İranın neft daşımaları maqnatı Məhəmməd Hüseyn Şamxaninin şəbəkəsini hədəf alır. O, fevralın 28-də Tehrana ABŞ-İsrail zərbələri ilə öldürülmüş nüvə və təhlükəsizlik siyasəti üzrə nüfuzlu fiqur Əli Şamxaninin oğludur.

Digər yandan, Vaşinqton İran və Rusiya neftinin satışına verdiyi möhləti uzatmayacağını bildirib.

Potensial sülh danışıqları ilə bağlı məlumatlarla bir arada Pentaqon Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərir.