ABŞ İranın nüvə məsələsində diplomatiyanı önə çəkir

Marko Rubio

ABŞ-nin dövlət katibi Marko Rubio İrana münasibətdə diplomatik yanaşmanı önə çəkib. O, hərbi hücum haqda danışmaq istəmədiyini deyib, əlavə edib ki, prezident Donald Tramp diplomatiyaya üstünlük verdiyini açıq bildirib.

Rubio fevralın 15-də Bratislavada Slovakiyanın baş naziri Robert Fitso ilə birgə mətbuat konfransında deyib ki, "indiyədək heç kim İranla uğurlu razılaşma əldə edə bilməyib, amma biz cəhd edəcəyik".

Rubio Slovakiyada birgünlük səfərdə olub, bu gün Macarıstandadır. Onun Avropa turnesinin məqsədi əsas müttəfiqlərlə əlaqələri gücləndirməkdir.

"Hazırda danışıqlardan danışırıq, diqqətimiz danışıqlara yönəlib. Prezident bunu açıq bildirib. Əgər bu (yanaşma) dəyişsə, hamı biləcək", – Rubio deyib.

Hazırda ABŞ İranın nüvə proqramı, ballistik raketləri, regiondakı proksi qüvvələri ilə bağlı Tehranla danışıqlar aparmağa çalışır. İran nüvə proqramı üzrə razılaşma əldə oluna biləcəyini istisna etməyib, Vaşinqton Tehrana sanksiyaları ləğv edərsə.

İranın istəyi

Fevralın 15-də İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi Tehranda BBC-yə müsahibəsində deyib: "Sanksiyalar barədə danışmağa da hazır olarlarsa, nüvə proqramımızla bağlı bu və digər məsələlərin müzakirəsinə hazırıq".

"Sanksiyalar da danışıqlar masasında olmalıdır", – deyən nazir müavini əlavə edib ki, "razılaşma istədiklərini sübut etmək növbəsi Amerikanındır".

Təxt-Rəvançi ABŞ sanksiyalarının hamısını, yoxsa bir hissəsini nəzərdə tutduğunu konkretləşdirməyib. Son illər Vaşinqton İranın bank sektoruna və neft ixracına irimiqyaslı sanksiyalar tətbiq edib.

Fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarının yeni raundu keçirilməlidir.

BBC-nin məlumatına görə, Təxt-Rəvançi deyib ki, İranın özünün 60-faizlik uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini aşağı salmaq təklifi kompromisə hazırlıq göstəricisidir, ABŞ-nin "sıfır zənginləşdirmə" tələbi isə artıq masada deyil.

Qərb ölkələri İranın nüvə silahı əldə etməyə çalışdığını deyir, Tehran isə proqramının mülki məqsədlər daşıdığını bildirir.