Prezident Donald Tramp administrasiyası Yaxın Şərqdə əməliyyatı gücləndirmək üçün minlərlə ABŞ hərbçisi yerləşdirməyi nəzərdən keçirir. ABŞ ordusu İranda müharibənin mümkün növbəti mərhələlərinə hazırlaşır. Bunu "Reuters"ə ABŞ rəsmisi və məsələdən agah üç nəfər deyib.
Bu qüvvələr Trampa əlavə imkanlar verə bilər. Belə ki, agentlik onun ABŞ-nin əməliyyatlarını genişləndirməyi ölçüb-biçdiyini yazır. İranla müharibənin artıq üçüncü həftəsi tamam olmaq üzrədir.
Variantlara gəlincə, buraya Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidinin təmin olunması daxildir. Mənbələr bunun, əsasən, hava və dəniz qüvvələri vasitəsilə gerçəkləşdirilə biləcəyini deyirlər. Boğazda təhlükəsizlik isə ABŞ qüvvələrinin İran sahillərinə yerləşdirilməsi deməkdir. Bunu ABŞ-nin iki rəsmisi daxil, dörd mənbə deyib.
Mənbələr Tramp administrasiyasının İranın Xarq adasına quru qüvvələri göndərməyi də müzakirə etdiyini deyiblər. İranın neft ixracının 90 faizi bu adadan keçir. Rəsmilərdən biri bu əməliyyatı "çox riskli" adlandırıb. İran adaya raket və dron zərbələri endirə bilər.
Siyasi risklər
Martın 13-də ABŞ Xarq adasında hərbi hədəfləri vurub. Tramp neft infrastrukturuna zərbələr endirməklə hədələyib. Amma adanın İran iqtisadiyyatında rolunu nəzərə alanda ona nəzarət dağıtmaqdan daha yaxşı variant sayıla bilər, - hərbi ekspertlər belə deyirlər.
Agentlik yazır ki, ABŞ quru qüvvələrindən hətta məhdud missiya üçün istifadə Trampa ciddi siyasi risklər yarada bilər. Belə ki, Amerika ictimaiyyəti arasında İran kampaniyasına dəstək aşağıdır, Tramp özü də seçki kampaniyasında ölkəni Yaxın Şərqdə yeni münaqişələrə cəlb etməmək vədi verib.
Bir mənbənin dediyinə görə, administrasiya rəsmiləri İranda yüksək zənginləşdirilmiş uran ehtiyatlarını qorumaq üçün ABŞ qüvvələri yerləşdirməyi də müzakirə ediblər.
Anonimlik şərti ilə danışan Ağ ev rəsmisi isə deyib ki, hazırda quru qüvvələri göndərməklə bağlı qərar yoxdur, "amma prezident Tramp müdrikcəsinə bütün variantları əlinin altında saxlayır".
"Reuters" Pentaqonun şərh vermədiyini yazır.
Fevralın 28-də İranla müharibə başlayandan ABŞ azı 7 min 800 zərbə gerçəkləşdirib, İranın 120-dən çox gəmisinə ziyan vurub, yaxud məhv edib.
İndiyədək müharibədə 13 ABŞ hərbçisinin öldürüldüyü, təxminən 200-nün yaralandığı açıqlanıb.