Omanın xarici işlər naziri Bədr əl-Busaidi Cenevrədə ABŞ-İran danışıqlarında "əhəmiyyətli irəliləyiş" olduğunu bildirib. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu müsbət nəticələrlə yekunlaşıb.
"Müvafiq ölkələrin paytaxtlarında məsləhətləşmələrdən qısa müddət sonra danışıqları bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək", - əl-Busaidi X sosial media hesabında yazıb.
Bu arada, "Axios" nəşrinin məlumatına görə, Ağ evin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner səhər görüşündə İran rəsmilərinin ritorikasından "məyus" görünürdülər.
Nə ABŞ, nə də İran rəsmiləri məsələni şərh ediblər.
Bədr əl-Busaidi Cenevrədə Uitkoff və Kuşner ilə görüşür
Cenevrədə ABŞ-İran danışıqlarına fasilə verilib
Fevralın 26-da ABŞ və İran rəsmiləri Cenevrədə nüvə danışıqlarının yeni raundunda bir araya gəliblər. Bu görüş iki düşmən ölkə arasında böyük hərbi münaqişənin qarşısını almaqdan ötrü son şans kimi qiymətləndirilir.
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını məhdudlaşdıracaq razılaşma əldə olunmazsa, hərbi müdaxilə variantlarını nəzərdən keçirir. Amerikanın iki təyyarədaşıyan qrupu İran İslam Respublikasına zərbə endirə biləcək məsafədə yerləşdirilib.
İranın xarici işlər naziri Abbas Əraqçi Ağ evin təmsilçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Oman nümayəndələri yenə vasitəçi rolundadırlar.
"Bu gün Cenevrədə yaradıcı və müsbət ideyalar mübadiləsi apardıq, hazırda ABŞ və İran təmsilçiləri fasilə veriblər. Bu gün danışıqları davam etdirəcəyik. Daha çox irəliləyiş əldə olunacağına ümid edirik", – bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi X platformasında yazıb. O, danışıqların gün ərzində davam edəcəyini əlavə edib.
İyunda qısa münaqişə vaxtı İsrail və ABŞ İranın əsas nüvə obyektlərini bombalayandan sonra tərəflər ilk dəfə fevralın əvvəlində Omanda vasitəçiliklə bir araya gəliblər. İkinci raund fevralın 17-də Cenevrədə keçirilib.
Danışıqlarda irəliləyiş əldə olunmayıb, əsas ziddiyyətlər qalmaqdadır.
ABŞ İranın uranı zənginləşdirməni tamamilə dayandırmasını, 400 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini tələb edir. Bu addımlar Tehranın nüvə silahı hazırlamasının qarşısını ala bilər.
Tehran isə nüvə proqramının mülki məqsədlərə, məsələn, elektrik enerjisi istehsalına xidmət etdiyini bildirir.
Marko Rubio
"Hazırda zənginləşdirmə aparılmır, ancaq..."
Ötən il ABŞ və İsrailin hava zərbələri İranın nüvə proqramını sıradan çıxardıqdan sonra onlara proqramı bərpa etməmək tapşırılıb, amma onların müəyyən elementləri yenidən qurmağa çalışdıqları görünür. Bunu ABŞ dövlət katibi Marko Rubio fevralın 25-də deyib.
"Hazırda zənginləşdirmə aparılmır, ancaq İran sonda bunu edə biləcək səviyyəyə çatmağa çalışır", –Rubio deyib. Onun sözlərinə görə, danışıqlar, əsasən, İranın nüvə proqramına yönəlib, amma raket məsələsi də müzakirələrdə qaldırılmalıdır, çünki "Tehranın regiondakı ABŞ bazalarına çata bilən minlərlə qısamənzilli ballistik raketi var".
Rubio deyib ki, Trampın fevralın 24-də Konqresdəki çıxışında İranın tezliklə Amerika Birləşmiş Ştatlarına çata biləcək raketlər hazırladığını deməsi onların hazırda belə silahlara malik olduqları anlamına gəlmir. Ancaq dövlət katibinin fikrincə, "aydındır ki, bir gün ABŞ materikinə çata biləcək silahlar hazırlamaq yolunda irəliləyirlər".
İran ABŞ sanksiyalarının ləğvi, uranı zənginləşdirmək hüququnun tanınması qarşılığında güzəştlərə getməyə hazır olduğunu bildirib.
"Yanlış hesablamalar, münaqişəyə qayıtma riskləri son dərəcə yüksək olsa da, diplomatiya üçün hələ də şans var". ABŞ-də yerləşən Silahlara Nəzarət Assosiasiyasının yayılmama siyasəti üzrə direktoru Kelsi Davenport bu fikirdədir. O, AzadlıqRadiosunun fars xidmətinə deyib ki, bütün təhdidlərə baxmayaraq, Tramp razılaşma istəyir: "O, ABŞ-nin regionda yeni bir münaqişəyə cəlb olunmasını istəmir. Düşünürəm ki, İran da sanksiyaların yüngülləşdirilməsi, münaqişənin yenidən başlanmasını önləmək üçün razılaşmada maraqlıdır".
Abbas Əraqçi
Əraqçi razılaşmanı əlçatan sayır
Əraqçi danışıqlar öncəsi bildirib ki, tərəflər hərbi qarşıdurmanın qarşısını alacaq razılaşmaya yaxınlaşırlar. O, sosial şəbəkədə yazıb ki, qarşılıqlı narahatlıqları aradan qaldıran, ortaq maraqları təmin edən misilsiz bir razılaşma üçün tarixi imkan yaranıb. Nazirin fikrincə, "razılaşma əlçatandır, lakin yalnız diplomatiyaya üstünlük verilərsə".
Əraqçi İranın heç bir halda nüvə silahı hazırlamayacağını da vurğulayıb. Amma ölkəsinin dinc nüvə texnologiyasının bəhrələrindən istifadə etmək hüququnda israrlı olduğunu da əlavə edib.
Tramp Konqresdəki çıxışında deyib ki, "dünyada bir nömrəli terror sponsoru"nun nüvə silahına sahib olmasına icazə verməyəcək. O, Tehranın nüvə proqramını yenidən qurmaq istədiyini, hazırda yenidən öz "məkrli" nüvə ambisiyalarını davam etdirdiyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə fevralın 25-də sosial şəbəkədə ABŞ administrasiyasını yalanlar yaymaqda ittiham edib. O yazıb ki, İranın nüvə proqramı, ballistik raketləri, yanvar iğtişaşlarında itkilərin sayı ilə bağlı iddialar "böyük yalanların təkrarıdır".
Tramp Tehranı dəfələrlə hərbi müdaxilə ilə hədələyib. Əvvəlcə bunu yanvardakı kütləvi etirazların amansız şəkildə yatırılması, daha sonra isə İranın nüvə proqramı ilə əlaqələndirib.
İran 2015-ci ildə dünya gücləri ilə tarixi nüvə sazişi imzalayıb, Qərbin iqtisadi sanksiyaları yumşaldıb. Tramp prezidentliyinin ilk dövründə, 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları yenidən tətbiq edib. Bundan sonra İran öhdəliklərindən geri çəkilməyə başlayıb.