Oktyabrın 1-dən ABŞ hökumətinin bağlanma (şatdaun) riski Asiyada səhmlərin həftəyə ehtiyatla başlamasında özünü göstərir. Mümkün şatdaun sentyabrın əmək bazarı hesabatı və digər əsas iqtisadi məlumatların dərcini də təxirə sala bilər.
Prezident Donald Tramp sentyabrın 29-da Konqres liderləri ilə hökumətin maliyyələşdirilməsini müzakirə edəcək. Tərəflər razılığa gəlməsə, çərşənbə günü – oktyabrın 1-dən şatdaun başlaya bilər.
Həmin gün ABŞ-nin ağır yük maşınları, dərmanlar və digər məhsullara yeni tarifləri qüvvəyə minəcək.
"Bank of America" analitikləri qeyd edir ki, bir həftəlik şatdaun iqtisadi artımı 0.1 faiz azalda bilər. Amma ixtisarlar istehlakçı inamına və əmək bazarına ciddi zərbə vura bilər.
Ağ ev sentyabrın 24-də federal agentliklərə bu həftə mümkün şatdaun üçün kütləvi ixtisar planları hazırlamağı tapşırmışdı. "Reuters" yazırdı ki, öncəki şatdaunlarda işçiləri müvəqqəti məzuniyyətə göndərirdilər, bu dəfə tamam fərqli proses gözlənilir.
Bazar ertəsi – sentyabrın 29-da Asiya bazarlarında "S&P 500" və "Nasdaq" fyuçersləri 0.2 faiz, Cənubi Koreya indeksi isə 1.2 faiz artıb.
Dollar indeksi sabit qalıb.
Neft bir qədər ucuzlaşıb. Səbəb İraqın muxtar Kürdüstan bölgəsindən Türkiyəyə xam neft axınının iki il yarımdan sonra bərpa olunmasıdır.
Digər yandan, "Reuters" xəbər verir ki, OPEC+ oktyabrın 5-nə gözlənən iclasda gündəlik hasilatı azı 137 min barel artırmağa razılıq verə bilər.
"Brent" markalı neft 0.8 faiz ucuzlaşaraq bir barel üçün 69.57 dollar, ABŞ xam nefti isə 0.9 faiz azalaraq 65.14 dollar olub.