Nazir ABŞ rəsmisini qəbul edib

Coşua Hak

Mayın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub: "Görüş zamanı bölgədə enerji layihələri, alternativ enerji üzrə planlar, nəqliyyat və kommunikasiya xətlərinin perspektivləri, Mərkəzi Asiya ilə birgə əməkdaşlıq fəaliyyəti nəzərdən keçirilib".

Rəsmi Bakının ötən ilin sonlarına qədər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib.

ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Lakin ötən ilin noyabrında ikinci dönəm ABŞ prezidenti seçilən Donald Trampin bu ilin yanvarında vəzifəsinin icrasına başlaması ilə rəsmi Bakıdan iki ölkənin əməkdaşlığı ilə bağlı xoş mesajlar səslənməyə başlayıb.

ABŞ dövlət katibinin təmsilçisi Ermənistana səfər edib

Yerevana səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin yüksəkrütbəli nümayəndəsi mayın 29-da Ermənistan rəsmiləri ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələri və Ermənistan-Azərbaycan danışıqlar prosesini müzakirə edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak bildirib ki, o, xarici işlər naziri Ararat Mirzoyan ilə "yaxşı görüş" keçirib və bu görüşdə "ABŞ-Ermənistan arasında inkişaf edən tərəfdaşlıq və sülh sahəsində irəliləyiş" müzakirə olunub.

"Ermənistanla güclü əlaqələr bütün vətəndaşlarımız üçün daha böyük rifah yaradır", - o, ABŞ-nin Yerevandakı səfirliyinin yaydığı qısa bəyanatda qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) danışıqlarla bağlı yaydığı açıqlamada isə bildirilib ki, tərəflər Ermənistanın dayanıqlılığını gücləndirmək və konkret nəticələr əldə etməyə yönəlmiş birgə addımları müzakirə ediblər.

Görüşdə regional təhlükəsizlik də əsas müzakirə mövzularından biri olub. Mirzoyan martda mətni yekunlaşdırılmış Ermənistan-Azərbaycan sülh sazişi vasitəsilə regionda sülhün bərqərar olunması üçün real imkanın olduğunu bildirib. Nazirliyin açıqlamasına görə, Mirzoyan və Hak sülh gündəliyinin həyata keçirilməsi ilə bağlı davam edən səylər barədə fikir mübadiləsi aparıblar, lakin əlavə təfərrüat verilməyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da C.Hak ilə ayrıca keçirdiyi görüşdə sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olmuş, rəsmi Bakı ölkənin 20 faiz ərazilərinə nəzarəti itirmişdi. Lakin 2020-ci il 44 günlük savaş və 2023-cü ildə qısa həbi əməliyyatlarla Bakı bütün ölkədə suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında sülh danışıqları yenidən güclənib, tərəflər bütün müddəaların razılaşdıqlarını açıqlayıblar, amma, hələlik, sülh sazişi imzalanmayıb.