ABŞ və Çin 'TikTok' barədə ilkin razılığa gəliblər

TikTok

Birləşmiş Ştatlar və Çin "TikTok" sosial şəbəkəsinin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək çərçivə razılaşması əldə ediblər. Madriddə qarşılıqlı ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skott Bessent bu haqda açıqlama verib. Prezident Donald Tramp da danışıqların uğurlu keçdiyini, dolayısı ilə "TikTok" məsələsinin həll olunduğunu yazıb.

S.Bessent "Reuters" və "Bloomberg"ə müsahibəsində deyib ki, hazırlıq mərhələsində olan razılaşmanın şərtləri ABŞ-nin milli təhlükəsizlik maraqlarını təmin etməlidir, amma sosial şəbəkə öz "çinli" xüsusiyyətlərini də saxlayacaq. O, detallı danışmasa da, vurğulayıb ki, daha çox gənclər arasında populyar olan bu qısa video platformasının ABŞ-də yasaqlanma təhlükəsi Çin tərəfini danışıqlarda güzəştə meylləndirib.

Tramp isə "Truth Social" platformasında yazıb ki, "ölkəmizin gənclərinin xilas etmək istədiyi" şirkətin satışı ilə bağlı Çinlə razılıq əldə olunub. Söhbətin Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un Amerika bölməsindən getdiyi aydın olub.

Hələ əvvəlki administrasiya dönəmində ABŞ Konqresi hər iki partiyanın dəstəyi ilə qanun qəbul edərək "ByteDance" üzərinə "TikTok"un ABŞ bölməsini satmaq öhdəliyi qoymuşdu, əks halda "TikTok" ABŞ-də tam bloklana bilərdi. Qərar milli təhlükəsizlik məsələləri ilə izah olunurdu. Tramp "TikTok"un satışı üçün qoyulan müddəti uzatmaq, Çinlə danışıqlar aparmaqla bağlı göstəriş vermişdi.

Sentyabrın 19-da Trampın Çin lideri Si Cinpinlə telefonla danışacağı gözlənilir. Həmin gün bu və digər razılaşmaların detalları açıqlanacaq. Bessent vurğulayıb ki, razılaşma əldə olunmasaydı, Tramp və Si Cinpin arasında telefon danışığı baş tutmazdı.