ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığında nələr var...

Fevralın 10-da Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb.

"İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər". Bu, Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın 1-ci bəndinə yer alır.

Habelə tərəflər regional bağlantılar, iqtisadi sərmayə, təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər

Həmçinin, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar.

Eyni zamanda, strateji tərəfdaşlıq və genişləndirilmiş əməkdaşlığa yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini bəyan edirlər.

İlk bölmə regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit əməkdaşlığını əhatə edir.

"Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq... Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək, regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər", - orada bildirilir.

Onlar ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətlərini açıqlayırlar.

"Mülki nüvə əməkdaşlığını dərinləşdirmək..."

"...Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər", - sənədin 1-ci bölməsində vurğulanır.

İkinci bölmədə isə iqtisadi sərmayələr, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastrukturdan bəhs edilir.

Sənəddə daha sonra təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri yer alır. Müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindən bəhs edilir. Habelə, mövcud antiterror əməkdaşlığını genişləndirmək qarşıya məqsəd kimi qoyulur.

Xartiyada həmçinin kibertəhlükəsizlik və humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək nəzərdə tutulur.

Xatırlatma

Bu gün, fevralın 10-da Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb

Sənədi Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens imzalayıb.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalamışdı. Sənəd həmin işçi qrupun görüş və müzakirələri nəticəsində ərsəyə gəlib.

Ötən ilin avqustunda Vaşinqtonda habelə prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Orada TRIPP layihəsi ilə də bağlı razılıq əldə edilib.