Abid Qafarov azadlığa çıxıb

Abid Qafarov

"KİM" internet televiziyasının əməkdaşı Abid Qafarov bu gün, iyunun 1-də azadlığa buraxılıb.

Bu barədə onun vəkili Aqil Layıc AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə A.Qafarova qarşı ittihamların birinə xitam verilib: "Böhtan maddəsinə məhkəmə tərəfindən bəraət verildi. Digər maddəsi - təhqirə görə isə həbs müddəti bitdi deyə, Abid Qafarov azadlığa buraxıldı".

Vəkil hesab edir ki, təhqir maddəsi ilə də A.Qafarova bəraət verilməlidir: "O, günahsızdır və biz ədaləti bərpa etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik".

A.Qafarov 2022-ci il iyulun 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətə azadlıqdan məhrum edilmişdi. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılırdı.

Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb. Qafarov da özünü təqsirli bilmir və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirirdi.

Xatırlatma

2017-ci ildə başlanan və "Tərtər işi" kimi tanınan istintaqda bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Buna görə əlavə həbs edilənlərin də olduğu açıqlanıb.

Hazırda yenilənən istintaqın davam etdiyi, buraxılanların olduğu və zərərçəkənlərin sayının artdığı deyilir. Amma ölən (sayları rəsmən dəqiq açıqlanmır) və sonradan bəraət alan (bəraət almayanlar da var) hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.