AAYDA sədri dəyişdi

Vüsal Nəsirli

Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı prezident İlham Əliyev bu gün, fevralın 6-da sərəncam imzalayıb.

Onun başqa bir sərəncamı ilə Vüsal Nəsirli həmin qurumun sədri təyin edilib. O, bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Son illər bu nazirlikdən əlilliyin təyinatı ilə bağlı çoxsaylı şikayətlər olub. Bir sıra müharibə veteranları şikayətləniblər ki, "Qarabağ döyüşlərində müxtəlif xəsarət alsalar da, əlillik statusu ala bilmirlər". Nazirlik şikayətlərin bir çoxunu əsassız sayıb.

1978-ci ildə doğulan V.Nəsirli 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə isə həmin nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Saleh Məmmədov...

S.Məmmədov AAYDA sədri vəzifəsini 2017-ci ildən tuturdu. O, bu müddət ərazində ayrı-ayrı məsələlərlə bağlı bəzən həm bir sıra ekspertlərin və həm də dövlət başçısının özünün tənqidləri ilə üzləşib.

Azərbaycanda yol tikintisi və təmiri ilə bağlı daim şikayətlər eşidilib. Habelə, bu sahədə korrupsiya hallarına yol verilməsi ilə bağlı iddialar səslənib. Amma cavabdeh şəxslər və hüquq-mühafizə orqanları belə iddiaları, əsasən, doğru saymayıblar.

Üstəlik, bəzi ekspertlər də hesab edirlər ki, Azərbaycanda bir sahədə dönüş yaratmaq və pozuntu hallarını aradan qaldırmaq hansısa kadrlardan tam olaraq asılı deyil. Onların fikrincə, uğur bütünlükdə ölkə miqyasında islahatlardan asılıdır. İslahatlar məsələsi isə Azərbaycanda illərdir mübahisə mövzusuna çevrilib.