Suriyada etirazçılara yenə atəş açılıb, hökumət sələfiləri ittiham edir

Aprelin 19-u səhər Suriyada təhlükəsizlik qüvvələri Homs şəhərində etirazçılara atəş açıblar. Şahidlərin sözlərinə görə, nümayişçilər Suriyanın 3-cü iri şəhərinin mərkəzi meydanına toplaşıb, Bashar al-Assad hakimiyyətdən getməyənə qədər meydanda qalacaqlarını bildirirdilər. Hələ ki, hadisədə nə qədər adamın həlak olduğu dəqiqləşməyib.

İnsan haqları qruplarının məlumatına görə, hakimiyyət əleyhinə nümayişlər başlanandan sonrakı bir ayda Suriyada 200-ə yaxın etirazçı öldürülüb.

Daxili İşlər Nazirliyi bazar ertəsi bildirib ki, indi etirazdan yox, silahlı üsyandan söhbət gedir və silahlılar Sələfi təşkilatlarına məxsusdurlar. Və Sələfilərin hər hansı fəaliyyətinə imkan verilməyəcək.