Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tarixi açıqlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqustda saat 11-00-də keçiriləcək

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, ali təhsil müəssisələrinə qəbul imtahanları III qrup üzrə iyulun 3-də, I qrup üzrə iyulun 10-da, IV qrup üzrə iyulun 16-da, II qrup üzrə iyulun 22-də keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 28-də baş tutacaq.

Bundan başqa, qabiliyyət imtahanları - musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı - iyulun 7-13-də, memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı iyulun 14-20-də, idman istiqaməti üzrə qabiliyyət imtahanı iyulun 20-28-də keçiriləcək.

Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqustda saat 11-00-də keçiriləcək.

Magistraturaya qəbul imtahanının II mərhələsi iyun ayında keçiriləcək. İmtahan Bakı, Naxçıvan və Gəncədə iyunun 26-da baş tutacaq.