«Belə mərkəzləşmə söz azadlığını inkişaf etdirə bilməz»

«Belə bir şirkətin yaradılması prezidentin fikirlərinə ziddir»

Qazaxıstanın informasiya mühitində əksəriyyəti narahat edən yenilik baş verir.


Bir neçə gün öncə Baş nazir Kərim Məsimov «Arna» Milli Media İnformasiya Şirkəti yaradıldığını elan edib. Məqsəd ölkədə informasiya sahəsində artan rəqabəti əlverişli şərtlərlə təmin etməkdir. Qərarın hər hansı başqa detalı açıqlanmır.


Amma bu anlaşılmaz elan ondan xəbər verir ki, müstəqil medianın istənilən səviyyədə olmadığı Qazaxıstanda vəziyyət daha da pisə doğru gedir.


Qazaxıstanın qeyri-hökumət təşkilatı olan «Adil Söz» təşkilatından Qalia Azhenova da baş verənlərdən narahat olduğunu deyir:


«Əgər inansaq ki, biz demokratik cəmiyyətik və demokratiyanın bir rəmzi də media azadlığıdır, onda hökumətin bu qərarına qarşı çıxmalıyıq. Çünki bu şübhə doğuran hərəkətdir. Bu cür mərkəzləşmə söz azadlığını inkişaf etdirə bilməz. Əksinə mənə elə gəlir ki, bu, əlavə maneələr yaradacaq».


Yeni media şirkətinin ortaqları hökuməti müdafiə edənlərdir. «Qazaxıstan» milli televiziya və radio şirkəti və «Xəbər» informasiya agentliyi hökumətə məxsusdur. Prezident Nursultan Nazarbayevin böyük qızı bir vaxtlar «Xəbər» agentliyinə rəhbərlik edirdi və hələ də bu quruma təsir imkanlarına malikdir.


Digər ortaqlar da bu sıradan olan media vasitələridir.


Yeni media şirkətinə daxil olan «Qazax qazetteri»yə məxsus «Mısl» jurnalının baş redaktoru Seyidəhməd Kuttikadam deyir ki, «Arna» şirkətinin vəzifəsi demək olar ki, nazirliyin vəzifəsi ilə eynidir:


«Əgər rəsmi media şirkəti yaradılırsa, onda informasiya nazirliyinə ehtiyac yoxdur, çünki onlar da mediaya nəzarəti həyata keçirəcəklər. Belə olan halda nazirlik ləğv edilməlidir. Son çıxışlarında prezident liberalizm, ifadə azadlığından danışıb. Belə bir şirkətin yaradılması isə prezidentin bu fikirlərinə ziddir».


Baş nazirin ofisindən verilən məlumata görə, yeni media şirkətinə Kuandik Bişimbayevin rəhbər təyin edilməsi məsləhət görülüb. Bişimbayevin bundan öncəki fəaliyyəti iqtisadiyyatla bağlı olub. Bu ilin fevral ayınadək o, Sənaye və Ticarət nazirinin müavini olub.