«Ölkənin 20 faizini ermənilər, qalan 80 faizini də pul işğal edib»

«Hakimiyyətlə müxalifət arasında bərabər mübarizə imkanları yoxdur»

- Kim hakimiyyətdədir, pulu çoxdur, qolu da güclüdür. Müxalifət partiyaları onların yanında qarışqadır.


- Azərbaycandakı müxalifət Heydər Əliyev siyasətinə xidmət edir.


- Ölkə siyasətində rəqabət var, niyə yoxdur.


- Siyasətdə rəqabət yoxdur. Ölkənin 20 faizini ermənilər, qalan 80 faizini də pul işğal edib…


Bu, Azərbaycan siyasətində rəqabət mühitinin olub-olmamasıyla bağlı sadə insanların fikirləri idi.


Müsavat Partiyası Divanının üzvü Hikmət Hacızadə də deyir ki, Azərbaycan siyasətində hakimiyyətlə müxalifət arasında bərabər mübarizə imkanları yoxdur. Onun fikrincə, hakimiyyətdə olan qüvvə ölkəyə gələn neft pullarından və inzibati resurslardan istifadə edərək dövlət orqanlarına şəxsi mülkləri kimi baxırlar:


- Bütün elektron media hökumətin əlindədir. Polis, məhkəmələr qanuna yox, Prezident Aparatından gələn tapşırıqlara əməl edirlər. Sərbəst toplaşmaq və söz azadlığı da minimuma endirilib.


YAP necə bir nəfərin partiyasıdırsa, Müsavat da, AXCP də bir nəfərin partiyasıdır. Necə ki, YAP-da rəhbərliyi tənqid etmək olmur, müxalifət partiyalarında da rəhbərliyi tənqid etmək mümkün deyil

H.Hacızadə düşünür ki, belə bir rəqabətsiz şəraitdə indidən qarşıdan gələn prezident seçkisinin nəticələrini təxmin etmək mümkündür.


Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev də hesab edir ki, indi hakimiyyət müxalifətdən qat-qat güclüdür. Ancaq o, Hikmət Hacızadədən fərqli olaraq düşünür ki, hakimiyyətin gücü inzibati resurslarda, azadlıqların kobud şəkildə tapdalanmasında yox, güclü elektorata malik olmaqdadır:


- Ölkənin hər yerində gedən quruculuq işləri, yeni iş yerlərinin açılması, dövlət büdcəsinin genişlənməsi hakimiyyətin və onun başında duran prezident İlham Əliyevin Azərbaycan qarşısında böyük xidmətləridir.


Bu vəziyyətlə bağlı siyasi maraqlara söykənməyən mülahizələrin üzərində dayanmaq da maraqlıdır. «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində Azərbaycan siyasətində rəqabət var. Ancaq bu rəqabət qanunların aliliyinə söykənmir:


- Bu, cəngəllik qanunlarının işlədiyi bir siyasi mühitdir. Burada hədəf yalnız müxalifət partiyaları seçilməyib. Bu, başqa cür düşünməyin aradan qaldırılmasıdır.


Azər Rəşidoğlu deyir ki, prosesin düzgün anlaşılması üçün tək hakimiyyət-müxalifət münasibətləri yox, bütünlükdə ölkədəki vəziyyət dəyərləndirilməlidir. Onun fikrincə, ölkədən demokratik prinsiplərin uzaqlaşdırılmasının səbəbidir ki, nə hakimiyyətdə, nə də müxalif düşərgədə sivil rəqabət mühiti yoxdur:


- YAP necə bir nəfərin partiyasıdırsa, Müsavat da, AXCP də bir nəfərin partiyasıdır. Necə ki, YAP-da rəhbərliyi tənqid etmək olmur, müxalifət partiyalarında da rəhbərliyi tənqid etmək mümkün deyil.


Son illər müxalif düşərgəyə xas bir problem də özünü göstərməkdədir. Müsavat Partiyasının gənc sıravi üzvlərindən Elnur Məmmədli deyir ki, müxalifətdəki liderlərin əksəriyyəti son 10-15 ildə öz siyasi maraqlarını gerçəkləşdirməyən insanlardır. Onların öz yerlərində saymaları bir növ gəncliyin inkişafının qarşısını alır:


- Azərbaycanın siyasi təşkilatlarında, yəni partiyalarda rəhbər şəxslərin iradəsi olsa, bu problem aradan qalxar.


Əslində ekspertlərin fikrincə, sivil rəqabətin olmaması ölkədə varislik ənənəsinin genişlənməsinə yol aça bilər. Onda nəinki hakimiyyət, hətta müxalifət partiyalarının rəhbərləri də öz yerlərinə varislərini hazırlamaq haqqında düşünə bilərlər.