Azərbaycan çempionunun rəqibi məlum oldu

Çempionlar Liqasının son qalibi «Mançester Yunayted» klubudur

İyulun 1-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının birinci və ikinci mərhələsinin püşkü atılıb. Püşkə əsasən, Azərbaycan çempionu «İnter» Makedoniyanın «Rabotniçki» klubu ilə qarşılaşacaq. Bu cütün qalibi ikinci seçmə mərhələdə Serbiyanın «Partizan» klubu ilə qüvvəsini sınayacaq.


Türkiyənin «Fənərbaxça» klubu ikinci seçmə mərhələdə Macarıstanın «MTK» komandası ilə qarşılaşacaq.


Gürcüstanın «Dinamo» Tbilisi klubu isə Farer Adalarının «Runavík» komandasını sınağa çəkəcək.


Qazaxıstanın «Aktobe» komandası birinci seçmə mərhələdə Moldovanın «Şerif», Belorusun «BATE» klubu isə İslandiyanın «Valür» komandası ilə qarşılaşacaq.


Ermənistanın «Pünik» klubu isə Kiprin «Anorthosis» komandası ilə qüvvəsini sınayacaq.


İlk oyunlar iyulun 15-16-ı, cavab qarşılaşmaları isə iyulun 22-23-ü keçiriləcək.


UEFA Çempionlar Liqasının ikinci seçmə mərhələsinin 14 qalibinə üçüncü mərhələdə daha 18 klub qoşulacaq. Üçüncü mərhələnin 16 cütünün qalibləri və avtomatik vəsiqə əldə edən daha 16 klub qrup mərhələsində mübarizəni davam etdirəcək.


UEFA Çempionlar Liqasının finalı 2009-cu ilin mayın 27-də İtaliyanın paytaxtı Romada keçiriləcək.


Çempionlar Liqasının son qalibi İngiltərənin «Mançester Yunayted» klubudur.


İyulun 1-də həmçinin UEFA Kubokunun birinci seçmə mərhələsinin də püşkü atılıb. Püşkə əsasən Lənkəranın «Xəzər» klubu Polşanın «Lex» komandası ilə qarşılaşacaq. Bakının «Olimpik» klubu isə Serbiyanın «Voyavodina» komandası ilə qüvvəsini sınayacaq. İlk oyunlar iyulun 17-i, cavab qarşılaşmaları isə iyulun 31-i olacaq.