«Prezident yolu»nda qan töküldü»

«Ayın 22-dən 23-nə keçən gecə sakinlərlə polis qüvvələri arasında qarşıdurma baş verib»

Məlum olduğu kimi, Bakı-Zığ yolunda genişləndirmə işləri aparılır. Əsas hissəsi Nobel prospektinə düşən bu yol genişləndirilərək yenicə çəkilmiş Hövsan-aeroport yoluna birləşdirilir. Yolun təmirində isə başlıca məqsəd prezident kortejinin bu istiqamətdə edəcək hərəkət xəttinin dəyişilərək Nobel prospektindən salınmasıdır. Bu barədə «Bizim Yol» yazıb.


«Gecə-gündüz prospekt boyu söküntü işləri aparılır. Bu dağıntılar artıq vətəndaşların evlərini, obyektlərini əhatə etməyə başlayıb. Ayın 22-dən 23-nə keçən gecə isə sakinlərlə polis qüvvələri arasında ciddi qarşıdurma baş verib. Nəticədə bir neçə nəfər bədən xəsarətləri alıb».


Qəzet yazır ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydən başlanan söküntü işləri zamanı yüzlərlə obyekt dağıdılıb, habelə çoxlu sayda ağac məhv edilib. Bu zaman sahibkarlara ümumiyyətlə, kompensasiya ödənilməyib.


Prezident İlham Əliyev Seçki Məcəlləsinə dəyişikliklər və əlavələri təsdiq edib. Yeni dəyişikliklər «Azərbaycan» qəzetində yer alıb.


«Qərbin Avropa standartlarına uyğun seçki tələbi». Bu barədə «Azadlıq» qəzeti məqalə dərc edib.


AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı hesab edir ki, bu tələblər Azərbaycanın geopolitik siyasətinin Rusiyanın xeyrinə dəyişməsinin nəticəsidir: «Bu açıqlama, ABŞ-AB sammitində Azərbaycanla bağlı səsləndirilmiş fikirlər, həmçinin ABŞ administrasiyası rəhbərinin Azərbaycanda demokratiyanın, insan haqlarının vəziyyəti ilə bağlı narahatlığı dilə gətirməsi və s. əslində, Azərbaycanın geopolitik siyasətində balansın Rusiyanın xeyrinə dəyişməsinin nəticəsi kimi anlaşılmalıdır».