«Bəzi məmurlar özlərini xan kimi aparırlar»

«Bəzi qanunların icra mexanizmi dəqiq olmadığından problemlər yaranır»

«Bəzi məmurlar özlərini xan kimi aparırlar». Bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova iyunun 21-də Qubada Dövlət qulluğu günü ilə bağlı keçirilən dəyirmi masada bildirib.


O, deyib ki, xüsusilə yerlərdə məmurlar özlərini «Bağdaddakı kor xəlifə» kimi hiss edirlər.


Amma ombudsman konkret ad çəkməyib. Deyib ki, ona daxil olan şikayətlər əsasən polis, mənzil istismar sahələri və bələdiyyələrdəndir:


«Dövlət qulluğunda olan hər kəs ən əvvəl öz vəzifələrini, ona aid beynəlxalq konvensiyaları bilməlidir. Başlıca prinsip əxlaq kodeksinə riayət olunmasıdır. Bizdə bir çox qanunlar var, lakin bəzilərinin icra mexanizmi dəqiq olmadığından problemlər yaranır. Əhalinin şikayətlərinin əksəriyyəti də məhz bununla bağlıdır».


E.Süleymanova regionlarda vətəndaşların məişət problemlərinin həllində yerli idarəetmənin rolunun təkmilləşdirilməsinə tərəfdardır.


Bu günədək Ombudsman Aparatına 37 min müraciət daxil olub. Bunların yarısı dövlət qurumlarından şikayətlərdir.


Süleymanova onu da deyib ki, bu vaxta qədər sərbəst toplaşmaq və söz azadlığı ilə bağlı heç bir müraciət almayıb. Onun sözlərinə görə, beynəlxalq qurumların bu sahədə tənqidləri başa düşüləndir:


«Çünki seçki ilidir».