Venesiya Komissiyası dəyişikliklərdən narazıdır

Venesiya Komissiyasının əməkdaşı Sergey Kuznetsov

Avropa Şurasının Venesiya Komissiyası (VK) Azərbaycanın Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanununa edilən dəyişikliklərdən narazıdır.


Bunu «Azadlıq» radiosuna komissiyanın nümayəndəsi Sergey Kuznetsov bildirib.


Məsələ iyunun 13-də VK-nın 75-ci plenar sessiyasında müzakirə edilib və yekun rəy mənfi qiymətləndirilib.


Kuznetsov deyib ki, xüsusilə seçki komissiyalarının tərkibinin dəyişməz qalması və seçkiqabağı kampaniyanın müddətinin azaldılması «xoşagələn deyil».


VK narahatdır ki, parlamentin qəbul etdiyi dəyişikliklər əhalinin seçki haqqında məlumatlandırılması baxımından da geriyə işləyə bilər. O, bu sırada namizədlərin telekanallarda çıxışı ilə bağlı yeni qaydaları göstərib:


«Ümumiyyətlə, seçkiyə bir neçə ay qalmış qanunvericiliyə bu cür korrektələr etmək normal deyil. Əvvəlki seçkilərdə hakimiyyət rəsmiləri özləri bunu əsas gətirib dəyişikliklərə getmirdilər. Belə hallar normal ölkələrdə baş vermir».


Kuznetsov onu da deyib ki, hər iki qanunda dəyişikliklərin bir çoxu «özfəaliyyət» xarakteri daşıyıb. Belə ki, əvvəl bununla bağlı Venesiya Komissiyası ilə heç bir məsləhətləşmə aparılmayıb.


Komissiya nümayəndəsi məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqları davam etdirəcəklərini də deyib.


İyunun 13-də Avropa Şurası Venesiya Komissiyasının iki gün davam edəcək (VK) 75-ci sessiyası başlayıb. Sessiyada Azərbaycanın «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu və Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.