Prezident Aparatı qarşısında etiraz aksiyası

Prezident Aparatından aksiyaçılara deyilib ki, onlar ölkə başçısının adına ərizə yazsınlar

Orta məktəblərin 11-ci siniflərində keçirilmiş mərkəzləşdirilmiş test imtahanının nəticəsindən narazı qalanlar iyunun 12-də Prezident Aparatı qarşısında aksiya keçirib. Aksiya iştirakçıları deyirlər ki, imtahandan keçməmiş şagirdlərin əksəriyyəti bir və ya iki fənndən 2 alıblar, amma digər fənnlərdən olan sualları cavablandırıblar. Valideynlər tələb edirlər ki, ya uşaqlarına güzəşt edilsin, ya da yenidən imtahan keçirilsin.


Prezident Aparatından isə aksiya iştirakçılarına bildirilib ki, onlar ölkə başçısının adına ərizə yazsınlar.


Təhsil Nazirliyi bəyan edib ki, iyunun 17-nə kimi imtahanın nəticəsindən narazı qalanlar Appelyasiya Komissiyasına müraciət edə bilərlər.


İyunun 6-da orta məktəblərin 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı veriblər. İyunun 10-u axşam testin nəticələri açıqlanıb. Nəticələrə görə, 52.000 şagirddən 9 mini kəsilib.


Prezident Aparatının mühafizə xidməti Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovu saxlayıb. Onu mühafizə binasına aparıblar və sənədlərini və fotoaparatını əlindən alıblar. Bu zaman ona bildiriblər ki, prezidentin mətbuat xidmətinin icazəsi olmadan, heç kimin prezident aparatının binası yaxınlığında şəkil çəkmək ixtiyarı yoxdur.