«Prezidentlərdən düzgün qərarlar gözləyirik»

«Bəribaşdan proqnoz vermək çətindir»

«Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündən düzgün qərarlar gözləyirik». Bunu «Azadlıq» radiosuna ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib.


İlham Əliyevlə Serj Sərkisyan bu həftə Sankt-Peterburqda görüşəcəklər.


Rəsmi olaraq bu görüşün tanışlıq xarakterli olduğu bildirilir. Amma həmsədrlər ümid edirlər ki, prezidentlər növbəti addımlarını müəyyənləşdirəcəklər.


Merzlyakov deyir ki, belə addım məsələn, dövlət başçılarının xarici işlər nazirlərinə müvafiq göstərişlər verməsi ola bilər:


«Əlbəttə, mən görüşü qabaqlamaq istəməzdim. Amma ötən illərdən bəri iki ölkə prezidentləri, eləcə də xarici işlər nazirləri öz aralarında fikir ayrılıqlarının azaldılması naminə xeyli iş görüblər. Bir neçə ay əvvəl biz hər iki tərəfdən ATƏT Minsk qrupunun irəli sürdüyü təkliflərə dair öz fikir və mövqeyini bildirməyi xahiş etmişdik. Tərəflər nəinki rəylərini bildirmiş, onlar hətta öz təklifləri ilə çıxış etmişlər. Odur ki, mən qarşıdan gələn danışıqlara çox nikbin baxıram».


Həmsədr onu da əlavə edib ki, prezidentlərin danışıqları barədə «bəribaşdan» proqnoz vermək çətindir. Amma onun sözlərinə görə, indi hər şey tərəflərin davranışından asılıdır.


Amerikalı həmsədr Metyu Brayza «Azadlıq» radiosuna bildirib ki, görüşdə hər şey dövlət başçılarının əhval-ruhiyyəsindən asılı olacaq.


İyunun 4-də həmsədrlər Moskvada görüşəcəklər. Daha sonra onlar Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə bir araya gələcəklər. İki gün sonra isə həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün şərait yaradacaqlar.