Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi istənilir

Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğviylə bağlı məhkəməyə müraciət edib. İdarədən «Azadlıq» radiosuna bildirdilər ki, təsis sənədlərində məlumatlar qeyri-müəyyəndi. Hüquqi ünvanının dəyişdirilməsiylə bağlı isə nazirliyə məlumat verilməyib və mərkəzin bölgə nümayəndəlikləri dövlət reyestrindən keçirilməyib.


Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən onu da deyiblər ki, iddia əsasında hazırlıq iclası keçiriləcək və bu arqumentlər məhkəmə prosesində əsaslandırılacaq.


Nazirliyin iddiasını əsassız sayan Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, təşkilatın qeydiyyat məsələsi iki il uzanıb və bu zaman təsisçilərlə bağlı istənilən məlumatı sözügedən dövlət orqanına veriblər. Hüquqi ünvan isə dəyişməyib. Məmmədlinin fikrincə, təşkilatın qeydiyyatının seçki ərəfəsində ləğvinin tələb olunması təsadüfi deyil: «Biz seçki təşkilatıyıq, həmişə aktiv olmuşuq. Hüquqlarımızı da lazım gəlsə Avropa Məhkəməsinə qədər müdafiə edəcəyik».


Seçki Monitorinq Mərkəzi dövlət qeydiyyatına alınmasıyla bağlı 2006-cı ildən müraciət etsə də, təxminən 2 ay əvvəl qeydiyyatdan keçib. Ədliyyə Nazirliyinin təşkilatın qeydiyyatının ləğviylə bağlı iddiası əsasında hazırlıq iclası isə mayın 5-də Xətai Rayon Məhkəməsində keçiriləcək.