«Heç kimin bunu etməyə gücü çatmaz…»

«Ermənistandakı qarışıqlığı Azərbaycanda təkrarlamağa heç kimin gücü çatmaz»

«Ermənistandakı qarışıqlığı Azərbaycanda təkrarlamağa heç kimin gücü çatmaz», - Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Ermənistanda prezident seçkiləri zamanı baş verənlərin Azərbaycanda da təkrarlana biləcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən belə deyib.


O, əminliyini bildirib ki, seçkilərdə indiki prezident İlham Əliyev yenidən öz postuna seçiləcək.


R.Mehdiyev hazırda qüvvədə olan Seçki Məcəlləsinin demokratik seçki keçirməyə tam şərait yaratdığını bildirib. O, Məcəlləyə bundan sonra ediləcək dəyişikliklərin isə yalnız texniki xarakterli olacağını söyləyib.


R.Mehdiyev hər hansı siyasi qüvvənin seçkini boykot etməsini hər kəsin şəxsi qərarı adlandırıb.


Prezident administrasiyasının rəhbəri seçki ərəfəsində kütləvi aksiyaların keçirilməsi məsələsinə də toxunub. O, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunduğunu bildirib: «Əgər belə fikirləri varsa, mitinqlərini keçirsinlər. Lakin bu mitinqlərin mahiyyətini başa düşmək olmur. Onlar bunu hansı məqsədlə edirlər və insanların sakit yaşayışına niyə əngəl törədirlər?»


Müxalifət partiyaları isə hazırda qüvvədə olan Seçki Məcəlləsi ilə demokratik seçki keçirməyin mümkün olmadığını, təşviqat dövründə bütün namizədlər üçün bərabər imkanların yaradılmadığını bildirirlər. Onlar seçki komissiyalarının yenidən formalaşdırılmasını, sərbəst toplaşma azadlığına məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə «Azadlıq» blokunda birləşən üç müxalifət partiyası qarşıdakı prezident seçkilərini boykot edəcəyini bildirib.