Müdafiə Nazirliyi Ermənistan vətəndaşlarının saxlanmasını təsdiqləyib

Eldar Sabiroğlu təxribatın forması barədə zərurət olduğu halda açıqlama veriləcəyini söyləyir

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikanın ərazisində Ermənistan vətəndaşlarının saxlanması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna bildirib ki, dörd nəfərlik qrup Azərbaycanda təxribat törətmək istəyirmiş.


Eldar Sabiroğlu təxribatın forması barədə zərurət olduğu halda açıqlama veriləcəyini söyləyir. Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.


Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan isə «Turan»a bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin saxladığı Ermənistan vətəndaşları mülki şəxslərdir və yolu azıb Naxçıvan ərazisinə keçiblər.


Seyran Şahsuvaryan əlavə edib ki, Ermənistan vətəndaşlarının qaytarılması məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.