«Biz belə bir dil başa düşmürük»

«Belə hay-küy qaldırmaqdansa, sadə bir iş görülməlidir»

«İran səfiri ilə görüşüb ondan Tehranını bizə nə çatdırmaq istədiyini öyrənəcəyik». Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov «Buşehr» Atom Elektrik Stansiyasına göndərilən avadanlıqla bağlı problemə münasibət bildirərkən «Azadlıq» radiosuna belə deyib.


Mübahisəli avadanlıq martın 29-dan Azərbaycan-İran sərhədindəki Astara keçid məntəqəsində saxlanılır. Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edir. Moskva isə bunu qanunsuz adlandırır, yükün tranzitinə dair bütün proseduralara əməl olunduğunu bildirir. Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Azərbaycan tərəfindən yükü dərhal buraxmağı tələb edib.


Araz Əzimov isə İranın hansısa formada xəbər göndərməsini düzgün hesab etmir: «Mətbuat vasitəsilə bizə bəyanat göndərirlər ki, buraxın yükləri. Biz belə bir dil başa düşmürük. Nədənsə bizə sadəcə cavab vermirlər. Əgər Rusiya səfirliyi Moskvadan tezliklə cavab alıb Azərbaycana versəydi, yəqin ki, məsələlər həll oluna bilərdi».



Nazir müavini bildirib ki, məsələ rəsmi danışıqlar yolu ilə həll olunmalıdır: «Belə hay-küy qaldırmaqdansa, sadə bir iş görülməlidir - Rusiya lazım olan sənədləri təqdim etməlidir».


Əzimov bir daha xatırladıb ki, Azərbaycan beynəlxalq prosedura göz yummayacaq.


Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın Bakıdakı səfirliyinə nota ilə müraciət edib. Bakı Moskvadan müraciətinə rəsmi cavab verilməsini gözləyir.