Kubiş Bakını tövsiyələrə əməl etməyə çağırır

Kubiş Məmmədyarovla medianın vəziyyəti və demokratiya məsələlərini müzakirə edib

«Prezident seçkisi Azərbaycanın demokratik dəyərlərə nə dərəcədə sadiqliyini göstərmək üçün imkan olacaq». Bunu Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın Xarici İşlər naziri Yan Kubiş bəyan edib.


O, aprelin 29-da Xarici İşlər naziri Elmar Məmmədyarovla medianın vəziyyəti və demokratiya məsələlərini müzakirə edib.


Yan Kubiş: «Avropa Şurası ölkədə demokratiyanın gələcək inkişafı üçün Azərbaycana tövsiyələrini təqdim edib. Nazir Məmmədyarov mənə Azərbaycanın demokratiyaya doğru nə qədər irəlilədiyini göstərmək niyyətində olduğunu bildirdi».


Kubiş onu da deyib ki, demokratik seçki keçirmək üçün müvafiq hüquqi baza təkmilləşdirilməli, medianın fəaliyyəti üçün şərait yaxşılaşdırılmalı və beynəlxalq təşkilatların tövsiyələrinə reaksiya verilməlidir.


Nazirlər Qarabağ məsələsindən və ikitərəfli münasibətlərdən də danışıblar. Kubiş deyib ki, münaqişənin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Məmmədyarov isə mayın 6-da Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyanla və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini xatırladıb. İki ölkə XİN başçıları həmçinin Avropa enerji təhlükəsizliyi və nəqliyyat layihələrini müzakirə ediblər.