«Nazirlərin görüşündən çox şey gözləmək olmaz»

E.Məmmədyarovla E.Nalbandyan mayın 6-da Strasburqda görüşəcəklər

«Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən çox şey gözləmək olmaz».


Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.


Elmar Məmmədyarovla Edvard Nalbandyan mayın 6-da Strasburqda görüşəcəklər. Araz Əzimov deyir ki, nazirlər tanış olacaqlar. Belə ki, bu, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra iki ölkə rəsmiləri arasında ilk təmas olacaq.


A. Əzimov onu da deyib ki, əgər Ermənistanın yeni rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yumşalda bilər. Ancaq o, bu yumşalmanın mahiyyətini açıqlamayıb: «Ərazi bütövlüyünün bərpası şərtilə Azərbaycan öz tərəfindən konstruktivlik göstərə bilər. Ayrı şəkildə heç bir şey olmayacaq və böhran davam edəcək. Növbəti bir kritik nöqtəyə qədər»


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında son görüş 2007-ci ilin noyabrında Madriddə keçirilib. Həmin vaxt ATƏT-in Minsk Qrupunun həmsədrləri nazirlərə münaqişənin həllinin baza prinsiplərini təqdim ediblər.