Azərbaycan «Buşehr» üçün lazım olan avadanlığı İrana buraxmır

Rusiya mənbələri xəbər verir ki, maşın karvanı artıq üç həftədir buraxılmır

Azərbaycanın gömrük və sərhəd xidməti İranda «Buşehr» Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün nəzərdə tutulan Rusiya avadanlığını İran ərazisinə buraxmır.


Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim «Azadlıq» radiosuna bu məlumatı təsdiqləyib.


O, bildirib ki, Azərbaycan tərəfi Rusiyaya müraciət edib ki, həmin yükün mahiyyəti haqqında ətraflı məlumat verilsin:


«Çünki həmin materiallar həssas ola bilər, digər tərəfindən BMT Təhlükəsizlik Şurasının İranla bağlı müvafiq qətnamələri var və həmin qətnamələrin aparılan maddələrə aid olub-olmamasını bilmək çox vacibdir. Ona görə də biz Rusiya tərəfinə müraciət etmişik ki, onlar bizə daha ətraflı məlumat versinlər. Çünki ilk olaraq Rusiya tərəfi bildirmişdi ki, həmin yüklər İranda tikilən «Buşehr» AES üçün nəzərdə tutulub».


Rusiya mənbələrindən verilən məlumata görə, artıq üç həftədir ki, «Buşer» AES üçün istilik izolyasiya avadanlığını daşıyan maşın karvanı «Astara» sərhəd keçid məntəqəsində saxlanılıb.