«Aqil Xəlilə hücumun əsl müəllifləri tapılıb cəzalandırılmalıdır»

Qurum jurnalistə qarşı törədilmiş qəsdi ciddi araşdırmağa çağırıb

«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə qarşı təqibləri və hüquq-mühafizə orqanları nümayəndələrinin onu alçaltmaq cəhdlərini sərt tənqid edib. Qurum martın 13-də jurnalistə qarşı törədilmiş qəsdi ciddi araşdırmağa çağırıb.


«Sərhədsiz Reportyorlar»ın bəyanatında deyilir ki, Kürdəmir rayonunun prokuroru aprelin 3-də Aqil Xəlili dindirməyə çağırıb, öz otağında müstəntiqlə birgə onun qolunu burub, mobil telefonunu əlindən alıb: «Jurnalist deyib ki, ona martda hücum edən şəxsin Sergey adlı birisi olduğunu təsdiqləməsi üçün psixi və fiziki təzyiqlər edilib. Növbəti gün isə o, istintaq üçün Bakıda hücuma məruz qaldığı əraziyə çağırılıb. Onunla cinayətkar kimi davranılıb və yalnız vəkili ilə danışa bilib, o da təkidli müraciətlərdən sonra».


Sənəddə deyilir ki, hakimiyyət orqanları jurnalisti ictimaiyyət qarşısında gözdən salmaq və hücuma peşəkar fəaliyyətinə görə məruz qalmadığını nümayiş etdirmək istəyirlər. «Sərhədsiz Reportyorlar» bildirir ki, hücumun əsl müəllifləri tapılıb cəzalandırılmalıdır.


Aqil Xəlil deyib ki, istintaq saxtalaşdırılıb və Sergeyin ifadələri ziddiyyətlidir. Məsələn, Sergey jurnalistə bir neçə bıçaq zərbəsi vurduğunu söyləsə də, rəsmi ekspertlər yalnız bir zərbənin vurulduğunu bildirirlər. Yaxud, Sergey jurnalistin iki mobil telefon nömrəsinə zəng vuraraq onunla əlaqə saxladığını söyləyir, Aqilin isə yalnız bir nömrəsi var.


Jurnalist deyir ki, o, çox güman ki, yerli siyasətçiləri tənqid edən məqalələrinə görə, hücuma məruz qalıb.