İki nəfər aclığı dayandırıb, 7 jurnalist aksiyanı davam etdirir

Jurnalistlər artıq 11-ci gündür ki, aclıq edirlər

«Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Üzeyir Cəfərov «Azadlıq» radiosuna bildirib ki, hazırda aksiyada 7 nəfər iştirak edir. Aprelin 5-də «Paralel» qəzetinin yazarı Akif Nəsirov və Müsavat partiyası mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı da aksiyaya qoşulub.


Üzeyir Cəfərov: «Bu gün (aprelin 5-i – red.) saat 12-də «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu aclıq aksiyasını dayandırdı, onun yerinə «Yeni Müsavat» qəzetinin redaktoru Famil Cəfərli qoşulub. «Paralel» qəzetinin redaktor müavini Akif Nəsirli, o cümlədən Müsavat partiyasının mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı da bu gündən aksiyaya qoşulub. Gecə saat 2 radələrində Şahvələd Çobanoğlu özünü son dərəcə pis etdiyindən, onu inandıra bildik ki, aclıq aksiyasını dayandırsın. Hal-hazırda o, evdə həkim nəzarəti altındadır. Beləliklə, mən, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev, «Realnı Azerbaydjan» qəzetinin əməkdaşı Çingiz Sultansoy da daxil olmaqla hazırda 7 nəfər aclıq aksiyasını davam etdiririk».


Jurnalistlər artıq 11-ci gündür ki, aclıq edirlər. Onlar həbsxanadakı həmkarları – «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə dəstək vermək üçün bu vasitəyə əl atıblar.


Eynulla Fətullayevin atası Emin Fətullayev aprelin 5-də oğlu ilə görüşüb. Onun dediyinə görə, Eynulla aclığı dayandırmaq istəmir:


«Deyir, aclığı davam etdirirəm. Mənə bütün siyasi məhbusların buraxılması mexanizmi deyilməyincə, aclığı davam etdirəcəm. Səhhəti zəifləyib, arıqlayıb. Halsızdır».


Eynulla Fətullayev martın 26-dan aclıq edir. O tələb edir ki, həbsdə olan jurnalist həmkarları azadlığa buraxılsın, özünün məhkəmə işinə yenidən baxılsın. Avropa Şurası və ATƏT isə vicdan və siyasi məhbuslarla bağlı konkret müdafiə mexanizmlərini ortaya qoysunlar.