Qənimət Zahidin vəkili hücuma məruz qalıb

Osman Kazımov hazırda «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin vəkilidir

Martın 15-də axşam saatlarında vəkil Osman Kazımov 9-cu mikrorayonda yaşadığı mənzilin yaxınlığında 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb.


Hücum edənlər vəkilə güc tətbiq edərək maşınlarına əyləşdirib harasa aparmağa cəhd göstəriblər. Osman Kazımov onlara müqavimət göstərib. Ayağından və biləyindən zədə alıb.


Vəkil «Yeni Müsavat» qəzetinə deyib ki, baş verənlərlə bağlı heç bir orqana şikayət etməyəcək: «Mənim heç kimlə düşmənçiliyim yoxdu. Baş verən hadisənin nədən qaynaqlandığı haqda bir söz deyə bilmərəm». Vəkil əlavə edir ki, bu hadisəni özü araşdıracaq.


Osman Kazımov hazırda «Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin vəkilidir. O, bir sıra müxalifət fəalları və liderlərinin hüquqlarına da məhkəmələrdə müdafiə edib.