Dövlət pulunu necə xərcləyir?

Ekspertlər hesab edir ki, yol tikintisi üzrə keyfiyyət normaları natamam xarakterlidir

«Ölkəyə neft gəlirləri axdıqca investisiya layihələrinin sayı, həmçinin onların maliyələşdirilməsi həcmi artırılır. 2008-ci ildən 2011-ci ilədək Dövlət İnvestisiya Proqramı çərçivəsində 15,6 milyard manat vəsait xərcləmək nəzərdə tutulub». Bu barədə «Ekspress» yazıb.


Qəzetin ötən şənbə sayında da dövlət büdcəsindən investisiyalar məsələsi gündəmə gətirib. Artıq reallaşdırılan layihələrin dəyəri kifayət qədər yüksək, yeni hazırlanan layihələr bunlardan da baha olduğunu qeyd edən iqtisadçı ekspertlər onların əksəriyyətinin gəlir gətirməyən tikili və obyektlərin tikintisi və təmiri ilə bağlı layihələr olmasına diqqəti cəlb edir.


«Bir çox ekspertlər investisiyaların məqsədsiz istifadəsindən narahatdırlar. Habelə ölkədə «meqa-layihələr»in tikintisinə böyük vəsait ayrılsa da, bu vəsaitlərin məbləği, tenderlərin qalibi açıqlanmır. Bu da dövlət xərclərinin qeyri-şəffaflığı məsələsini gündəmə çıxarır».


Ekspertlər onu iddia edirlər ki, büdcə investisiyalarının tənzimlənməsi ilə bağlı qanunvericilikdə bəzi boşluqlar mövcuddur. «Belə ki, layihələrin seçilməsində prioritetlik və xərc-fayda prinsipləri nəzərdə tutulmur, həmçinin, büdcə investisiyalarının texniki-iqtisadi əsaslandırılması ilə bağlı tələblər yoxdur. Bundan başqa, yol tikintisi üzrə keyfiyyət normaları natamam xarakterlidir. Bir sıra layihələrsə daha çox siyasi xarakter daşıyır. Bundan


başqa, layihələrin həyata keçirilməsində rəqabət mühiti yoxdur».


İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı «Üç nöqtə»yə müsahibəsində deyir ki, «bu gün bir sədr və bir də möhürü olan partiyalar var».


Onun fikrincə «Siyasi partiyalar haqqında» qanuna dəyişiklik edilməli və meyarlar müəyyənləşdirilməlidir. «Mən siyasi partiyaların qeydiyyatdan keçməsinə qadağa qoyulmasının tərəfdarı deyiləm. Lakin indiki meyarlar elədir ki, məhdud miqdarda insanın imzasını alıb Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək olur. Çünki qanun bunu ortaya qoyur. İstəyimiz məhz bu şərtlərin dəyişdirilməsindən ibarətdir».


Partiya sədri daha sonra bildirib: «Hesab edirəm ki, əsas meyar partiyanın Azərbaycanın ən azı üçdə ikisində dayaqlarının olması götürülməlidir. Bunlar yoxdursa, təbii olaraq həmin partiyaların fəaliyyətinə xitam verilməlidir».


«Bütövlükdə, nəqliyyatda işlər yaxşı gedir»-Prezident İlham Əliyev ölkədə avtomobil yollarını inkişafına dair müşavirədəki çıxışında belə deyib. «Azərbaycan» yazır ki, dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi nailiyyət adlandırıb.


Prezident deyib: «Sirr deyil ki, Bakıda və bütövlükdə, Azərbaycanda gedən inkişaf yol infrastrukturuna əlavə yük gətiribdir. Bakının tarixi küçələri, demək olar ki, ensizdir. Onları enliləşdirmək, demək olar, mümkün deyildir. Biz öz tarixi keçmişimizə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Yeni salınan yollar, nisbətən müasir tarixə aid olan yollar da, əlbəttə, artan yükə dözə bilmir. Mən bir rəqəmi deyə bilərəm ki, təkcə keçən il Azərbaycana xaricdən 80 mindən çox avtomobil gətirilmişdir ki, bunların da böyük əksəriyyəti Bakının payına düşür. Əgər biz tədbirlər görməsəydik, mənim tərəfimdən sərəncamlar imzalanmasaydı və işlər görülməsəydi, bu gün deyə bilərəm ki, bəlkə də Bakının yol infrastrukturu, Bakının nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi».