İranda da bahaçılıqdır

Bir çox dükan sahiblərinə böyük miqdarda cərimələr kəsilib

İranda ərzaq məhsullarının bahalaşması Novruz bayramı ərəfəsində əhalini çətin vəziyyətə salıb.


İranın rəsmi xəbər agentlikləri son bir ayda inflyasiya həddinin 18-20 faizə yüksəldiyini bildirirlər. Meyvə, tərəvəz, yumurta, ət və düyü bayram ərəfəsində xüsusilə bahalaşıb.


Eyni zamanda, dövlət orqanlarının bahalıqla mübarizə tədbirləri nəticəsində bir çox dükan sahiblərinə böyük miqdarda cərimələr kəsilib.


«Fars» xəbər agentliyinin verdiyi məlumata görə, təkcə Şərqi Azərbaycan vilayətində son 11 ayda kiçik sahibkarlardan 3 milyard rialdan çox (təxminən 330 min dollar) cərimə toplanıb.


Vilayətin ticarət təşkilatı rəhbərinin yoxlama və nəzarət işləri üzrə müavini Əli Şaminejad bildirib ki, cərimələr haqda qərar 49 min obyektdə reyd keçirildikdən sonra verilib. Belə ki, malları baha satan, məhsulların üzərində qiyməti göstərməkdən imtina edən və ticarət qaydalarının pozan dükan sahiblərinə cərimələr kəsilib.


İran prezidenti Mahmud Əhmədinejad isə mətbuata açıqlamasında inflyasiya ilə bağlı xəbərləri «düşmənlərin yaydığı şaiyələr» adlandırıb.