Parlament sülhməramlıların Kosovodan çıxarılmasına dair qərar verdi

Kosovada Türkiyə Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir

Martın 4-də Milli Məclis Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasıyla bağlı prezidentin müraciətini qəbul edib. Məsələnin müzakirəsinə ehtiyac görmədiyini deyən vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Kosovoda vəziyyətin dəyişməsi Azərbaycanı Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində olan taqımını geri çəkməsinə səbəb olub.


Prezidentin müraciəti 3 nəfər əleyhinə, 2 nəfər bitərəf olmaqla 87 səslə qəbul olunub.


Fevralın 28-də prezident İlham Əliyevin müraciəti əsasında parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Daimi Komissiyasında sözügedən məsələyə baxılıb və qərar layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.


Bu il fevralın 17-də Kosovo müstəqilliyini elan edib. Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb. Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində 1999-cu ildən Kosovada Türkiyə Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir.