«Öhdəlikləri yerinə yetirəcəyik, seçkilər də demokratik olacaq»

ATƏT sədri İlkka Kanerva və Xarici İşlər naziri Elmar Məmmədyarov. 28 fevral 2008. Bakı

ATƏT Azərbaycanı demokratik prosesləri sürətləndirməyə və bu ilin payızında azad və ədalətli seçki keçirməyə çağırır.


Bunu Bakıda səfərdə olan ATƏT sədri, Finlandiyanın Xarici İşlər naziri İlkka Kanerva Xarici İşlər Nazirliyində danışıqlardan sonra bəyan edib.


Onun sözlərinə görə, demokratiya sahəsində Bakının həyata keçirəcəyi bütün islahatları ATƏT dəstəkləyəcək: «Bu, bizim ümumi gələcəyimiz və Avropa dəyərlərinə hörmət bəslənməsi baxımından vacibdir».


Öz növbəsində, Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycan bu ilin payızında keçirəcək prezident seçkilərin demokratik şəkildə təşkil etmək üçün ATƏT-lə işləyir: «Öz tərəfimdən cənab Kanervanı əmin etdim ki, ATƏT, Avropa Şurası və Avropa Birliyinin Qonşuluq Siyasəti çərçivəsində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik. Və bu seçkilər tam şəkildə azad olacaq».


Danışıqlarda Qarabağ məsələsi də müzakirə olunub. Cənab Kanerva deyib ki, sülh danışıqlarını sürətləndirmək lazımdır: «Çünki münaqişənin yalnız dinc yolla həll etmək mümkündür. Çox sevindiricidir ki, həm Azərbaycan, həm də Ermənistanın siyasi rəhbərliyi danışıqları davam etdirmək idarələrini nümayiş etdirirlər».


ATƏT sədri bu yaxınlarda Ermənistanda keçirilmiş prezident seçkisi zamanı Azərbaycanın işğal olunmuş ərazilərində də seçki məntəqələrinin quraşdırılması məsələsinə münasibət bildirib. O, deyib ki, tezliklə ATƏT-in müşahidə missiyası seçkilərlə bağlı məruzəsini açıqlayacaq. Əgər orada belə faktlar əks olunsa, bu hamını təəccübləndirəcək:


«Ermənistanın inzibati ərazisindən başqa yerdə belə hallara yol verilməməlidir».


Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Bu təşkilatın Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli sülh danışıqlarına vasitəçilik edir.