ABŞ-Azərbaycan enerji məsləhətləşməsi aparılır

«Onun danışıqlarında Transxəzər də daxil olmaqla, bir sıra layihələr müzakirə olunur»

Fevralın 25-də ABŞ Dövlət Departamentinin Xəzər hövzəsində enerji məsələləri üzrə baş əlaqələndiricisi Stiven Mənn Bakıya gəlib.


Amerika səfirliyinin əməkdaşı Mehdi Hüseynquluyev «Azadlıq» radiosuna bildirib ki, məqsəd enerji məsləhətləşməsi aparmaqdır.


«Bu, işgüzar səfərdir. Nəzərə aldıqda ki, cənab Mənn Xəzər hövzəsi üzrə enerji diplomatiyası üzrə məsul şəxsdir, təbii ki, onun danışıqlarında Transxəzər də daxil olmaqla, bir sıra layihələr müzakirə olunur».


Fevralın 25-də Stiven Mənn Xarici İşlər Nazirliyi və ARDNŞ-də danışıqlar aparıb. Amerikalı diplomatın prezident İlham Əliyevlə görüşündə də əsas diqqət enerji sahəsində əməkdaşlığa yönəldilib.


ABŞ Mərkəzi Asiyanın neft-qazının Xəzər vasitəsi ilə Avropaya nəqlini nəzərdə tutan Transxəzər marşrutunu dəstəkləyir. Bu layihənin iqtisadi əsaslandırılmasının hazırlanması üçün 2007-ci ilin avqust ayında Azərbaycanla Amerika arasında qrant sazişi imzalanıb.