Fənni də, müəllimi də tələbə özü seçəcək

Bu vaxta kimi bir neçə universitetdə kredit sistemi tətbiq edilib

Ali təhsil müəssisələri 2010-cu ilə kimi bütövlükdə kreditləşmə sisteminə keçir. Yəni tələbə öyrəndiyi ixtisas üzrə konkret fənni və müəllimi özü müəyyənləşdirəcək.


Bunu Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyib. O, bildirib ki, indiyə kimi bir neçə universitetin bəzi fakültələrində kreditləşmə sistemi tətbiq edilib.


Nazirlik rəsmisi bildirir ki, ali məktəbi qurtaran adam 200-250 bal arasında kredit toplamalıdır. Yalnız belə olan təqdirdə tələbə ali təhsilini başa vurmuş hesab olunacaq və ona diplom veriləcək.


«Əgər tələbənin akademik borcu qalırsa, o, mütləq həmin fənni yenidən oxumalıdır. Özünə uyğun olan vaxtda həmin fənni yenidən seçir və bir semestr oxuyandan sonra yenidən həmin fəndən imtahan verir. Artıq tələbə əvvəlcədən bilir ki, bu fənni öyrənməsə, kredit toplaya bilməyəcək, yoldaşlarından bir neçə fənn geri qalacaq».


Boloniya sistemində kredit fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf edilən əməyin ölçü vahididir.


Bir müddət öncə prezident ölkənin ali təhsil müəssisələrinin Boloniya sisteminə keçilməsi ilə bağlı sərəncam verib.