«Çap evi» nəşriyyatı və «Qanun» jurnalında yoxlama aparılıb

Xuduoğlu deyir ki, yoxlamanın səbəbi müxtəlif şəkildə izah olunub

Yanvarın 21-i səhər Bakı Şəhər Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin 11 əməkdaşı «Çap evi» özəl nəşriyyatına və «Qanun» jurnalının redaksiyasına gəlib. Vergi əməkdaşları yoxlama aparılması üçün sənəd təqdim etməyiblər. Bu barədə «Azadlıq» radiosuna «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu məlumat verib: «Jurnalın və nəşriyyatın işi saat 17:00-dək dayandırılıb. Vergi işçiləri əməkdaşlarımızın hər hansı fəaliyyətinə icazə verməyiblər».


Xuduoğlu deyir ki, yoxlamanın səbəbi müxtəlif şəkildə izah olunub: «Vergi əməkdaşları fərqli fikirlər deyirdilər. Biri təsərrüfat subyekti kimi qeydiyyata alınmamağımızı əsas gətirir, digəri isə deyirdi ki, guya biz kitabları nəşr etdiyimiz yerdə satırıq. Onlar hansı qəzetləri çap etməyimizlə də maraqlanırdılar».


Ş.Xuduoğlu bildirir ki, Vergilər Nazirliyi məsələyə qarışandan sonra Operativ Nəzarət İdarəsinin işçiləri hər iki qurumun ofisini tərk ediblər.


«Çap evi»ndə bir sıra müxalifyönlü qəzetlər dərc edilir.
Vergilər Nazirliyindən isə «Turan»a bildiriblər ki, məsələ barədə məlumatları yoxdur.