Eynulla Fətullayev barəsində hökm qüvvədə saxlanıldı

Fətullayev hüquqlarını Avropa Məhkəməsində müdafiə edəcəyində israrlı olduğunu deyir

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsi Eynulla Fətullayev barəsində hökmü qüvvədə saxlayıb. Məlumatı «Azadlıq» radiosuna jurnalistin vəkili İsaxan Aşurov verib.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barədə hökmü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə çıxarmışdı. Jurnalist Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma maddələri üzrə təqsirli bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


Eynulla Fətullayev isə jurnalistlik fəaliyyətinə görə həbs olunduğunu və məhkəmənin sifarişlə hökm çıxardığını deyir. O, bundan sonra hüquqlarını Avropa Məhkəməsində müdafiə edəcəyində israrlı olduğunu bildirib.