«Mütəfəkkir»in məhkəməsi başladı

Şirkətə məxsus bina avqustun 28-də uçub və nəticədə 25 nəfər həlak olub

Yanvarın 14-də Yasamal rayonunda «Mütəfəkkir» MTK-ya məxsus Naxçıvani küçəsində yerləşən binanın uçmasında təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb. Hazırlıq prosesi hakim Əflatun Qasımovun sədrliyi ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilib.


Təqsirləndirilənlər altı nəfərdir-baş mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov, Qədir Səlimov, Mürsəl Haqverdiyev, memar Eldar Rəhimov və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil kooperativi idarəsinin rəisi Akif Məhərrəmov. Bu şəxslər Cinayət Məcəlləsinin təhlükəsizlik qaydalarına riayət edilməməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və s.-də təqsirli bilinirlər.


«Mütəfəkkir» MTK-nın həbs edilmiş baş direktoru Əli Muradov noyabrın 19-da vəfat edib.


Şirkətə məxsus bina avqustun 28-də uçub və nəticədə 25 nəfər həlak olub.(ANS)