Azərbaycan-ABŞ əməkdaşlığı regionun təhlükəsizliyinə töhfə verəcək

Senator Luqar Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu deyib

Azərbaycan-ABŞ əməkdaşlığı gələcəkdə daha da genişlənəcək və bu da öz növbəsində regionun təhlükəsizliyinə töhfə verəcək.


Prezident İlham Əliyev yanvarın 13-də ABŞ senatoru Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.


Dövlət başçısı ABŞ-la Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. İlham Əliyev deyib ki, ABŞ senatorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana bu səfəri bir çox ikitərəfli və regional inkişafa dair məsələlərin müzakirə olunmasına, ölkələr arasında mühüm strateji sahələrdə daha da möhkəm tərəfdaşlıq əlaqələrinin inkişaf etdirməsinə kömək edəcək.


Senator Riçard Luqar Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu bildirib. Senator Azərbaycanın anti-terror koalisiyasındakı fəal iştirakını yüksək qiymətləndirib. Cənab Luqar bu səfərin Azərbaycandakı inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağını vurğulayıb.